Britaniyalı yazıçı M. Con Harrison 2026-cı il Buker mükafatının qalibi olub. 81 yaşlı müəllif “The End of Everything” (“Hər şeyin sonu”) adlı romanına görə 50 min funt sterlinq mükafat qazanaraq Buker tarixində bu mükafata layiq görülən ən yaşlı yazıçı adını əldə edib.
Bugun.tv xəbər verir ki, mükafatın qalibi noyabrın 9-da London şəhərində keçirilən mərasimdə elan olunub. Harrison bu uğura 13-cü romanı ilə imza atıb. Əsər eyni zamanda elmi-fantastika janrından olan müəllifin Buker mükafatını qazandığı ilk nümunə kimi ədəbi tarixə düşüb.
198 səhifəlik roman naməlum fəlakətdən sonra cəmiyyətin dağılmağa başladığı yaxın gələcəkdə İngiltərənin Kent sahillərində baş verən hadisələrdən bəhs edir. Əsərin baş qəhrəmanları Filip Tennant və onun yaşlı xalası Marnidir. Onlar dəyişkən formalı sirli varlıqların meydana çıxdığı təhlükəli dünyada yaşamaq uğrunda mübarizə aparırlar.

Mükafatın münsiflər heyətinə tarixçi və teleaparıcı Meri Berd rəhbərlik edib. Münsiflər romanı yekdilliklə qalib seçiblər. Bu, Harrisonun Buker mükafatına ilk namizədliyi olub. Onun yazıçılıq fəaliyyəti artıq 60 ilə yaxındır davam edir.
Qeyd edək ki, bu qələbə müstəqil nəşriyyat olan “Serpent’s Tail” üçün də ilk Buker mükafatı olub.
Mənbə: The Guardian
