“Meta” şirkəti Instagram platformasında yeniyetmələrin yaşını təxmin edən süni intellekt texnologiyasını dünya üzrə genişləndirir. Yeni sistem istifadəçi qeydiyyat zamanı özünü yetkin yaşda göstərsə belə, onun yeniyetmə olduğunu ehtimal etdikdə hesabı avtomatik olaraq xüsusi qoruma rejiminə keçirə biləcək.
Bugun.tv xəbər verir ki, bu barədə “Reuters” agentliyi noyabrın 9-da məlumat yayıb.
Şirkətin açıqlamasına görə, süni intellekt istifadəçilərin göstərdiyi doğum tarixi ilə kifayətlənmir, hesabın yeniyetməyə aid ola biləcəyini müəyyənləşdirmək üçün əlavə məlumatları da təhlil edir. Belə hesablar “Teen Account” adlanan xüsusi qoruma sisteminə daxil ediləcək.
Bu rejimdə yeniyetmələrə kimin mesaj göndərə biləcəyi, onların hansı məzmunları görə biləcəyi və tətbiqdə keçirdikləri vaxt məhdudlaşdırılır. Meta-nın bildirdiyinə görə, yeniyetmələrin valideynləri də tətbiq edilən qoruma tədbirləri barədə məlumatlandırılacaqlar.
Şirkət eyni texnologiyanın Facebook platformasında tətbiqini davam etdirir. Oxşar sistemin bu ilin sonunda “Threads” platformasında da dünya üzrə istifadəyə verilməsi planlaşdırılır. Avstraliyada isə yaşın müəyyənləşdirilməsinə kömək edən əlavə vasitə kimi “Apple” şirkətinin yaş aralığı məlumatlarından istifadə olunur.
Qeyd edək ki, Meta bu addımı sosial şəbəkələrin yeniyetmələrə mümkün mənfi təsiri ilə bağlı üzləşdiyi məhkəmə iddiaları fonunda atır. Şirkət isə yeni sistemin gənc istifadəçilər üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmağa xidmət etdiyini bildirir.
Mənbə: Reuters
