Bugun.tv xəbər verir ki, İspaniyanın paytaxtı Madriddə 87 yaşlı qadın 70 ildən çox yaşadığı mənzildən polis tərəfindən çıxarılıb.
Reuters yazır ki, Marikarmen Abaskal sentyabrın 23-də Retiro rayonundakı mənzilindən çıxarılıb. Qadının evdə 71 il yaşadığı bildirilir. Hadisədən əvvəl yüzlərlə insan onun çıxarılmasına etiraz etmək üçün binanın qarşısına toplaşıb.
Reutersin məlumatına görə, mənzil daha əvvəl investisiya fondu tərəfindən alınıb və fond daha yüksək kirayə məbləği tələb edib. Qadının vəkili bildirib ki, yeni kirayə haqqını ödəməyə hazır olan naməlum şəxs də tapılıb, lakin ev sahibi yeni müqavilə imzalamaqdan imtina edib.
Qadına evdən çıxmaq üçün 30 dəqiqə vaxt verilib. Daha sonra o, sosial xidmət əməkdaşlarının müşayiəti ilə xərəkdə binadan çıxarılıb və təcili tibbi yardım avtomobili ilə aparılıb.
Hadisə İspaniyada artan kirayə qiymətləri və əlçatan mənzil çatışmazlığı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Mənbə: Reuters
