Soyuq havaların hökm sürdüyü bir vaxtda Ucar rayonunda yaşayan 88 yaşlı yataq xəstəsi Həmayıl Mehdiyevanın ailəsinin təbii qaz təchizatı ilə bağlı problemi aradan qaldırılıb. Yaşlı qadının müraciəti rayon rəhbərliyi tərəfindən diqqətə alınıb və müvafiq qurumların müdaxiləsindən sonra ailənin evinə qaz verilişi bərpa olunub.
Bugun.tv xəbər verir ki, bu barədə saytın müxbiri Səbinə Mirzəqızının hazırladığı özəl materialda bildirilir.
Ucar rayonunun Dədə Qorqud məhəlləsində yaşayan Həmayıl Muxtar qızı Mehdiyevanın ailəsi bir neçə aydır təbii qaz təchizatında yaranmış problemlə üzləşib. 88 yaşlı Həmayıl nənənin yataq xəstəsi olması, ailənin maddi vəziyyətinin çətinliyi və havaların kəskin soyuması vəziyyəti daha da ağırlaşdırıb. Himayəsində qızı və nəvəsi olan yaşlı qadın yaranmış çətinliklə bağlı Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədova telefonla müraciət edərək kömək istəyib.
Müraciətdən sonra problemin həlli istiqamətində müvafiq tapşırıq verilib. Qısa müddət ərzində Ağsu Regional Qaz İstismar İdarəsinin Ucar xidmət sahəsinin əməkdaşları ailənin yaşadığı ünvana gedərək qaz təchizatında yaranmış nasazlığı aradan qaldırıblar.
Beləliklə, soyuq qış günlərində xüsusilə çətin vəziyyətdə qalan Həmayıl nənənin ailəsinin qaz problemi həllini tapıb.
Göstərilən diqqət və köməyə görə minnətdarlığını bildirən Həmayıl Mehdiyeva müraciətinin operativ cavablandırılmasına və ailəsinin probleminin həllinə dəstək göstərilməsinə görə Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədova saytımız vasitəsilə təşəkkürünü çatdırıb.
Bu hadisə bir daha göstərir ki, vaxtında göstərilən diqqət və operativ müdaxilə çətin vəziyyətdə olan insanların gündəlik həyatında mühüm dəyişiklik yarada bilər. Xüsusilə yaşlı və köməyə ehtiyacı olan şəxslərin müraciətlərinin diqqətdə saxlanılması böyük əhəmiyyət daşıyır.
Müəllif: Səbinə Mirzəqızı
Bugun.TV-nin müxbiri
