Bugun.tv-yə daxil olan məlumata görə, Türkiyə – Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) 24 sentyabr 2024-cü il tarixində qurumun üzvləri üçün növbəti işgüzar səhər yeməyi təşkil edib.
Türkiyə Prezident Adminstrasiyasının Maliyyə Ofisinin Rəhbəri Prof. Dr. Göksel Aşan, AK Parti rəhbərinin köməkçisi Mustafa Şən və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məlahət İbrahimqızı tədbirin fəxri qonaqları arasında yer alıblar. Eyni zamanda, iki qardaş ölkənin ortaq dəyərlərini və tarixini vurğulayan bir addım olaraq şəhid ailələrinin üzvləri də tədbirə dəvət olunub və onların iştirakı ilə tədbirə xüsusi bir mənəvi dərinlik qazandırılıb.
Səmimi və işgüzar şəraitdə keçirilən tədbirdə iştirakçıları maraqlandıran suallar dinlənilib və Mustafa Şən tərəfindən ətraflı cavablandırılıb.
TÜİB-in təşkilatçılığı ilə mütəmadi keçirilən və artıq bir ənənəyə çevrilmiş bu işgüzar tədbirlər təkcə iş adamlarının ticari maraqlarını bir araya gətirmir, eyni zamanda onların qarşılıqlı inam və əməkdaşlıq üzərində qurulan uzunmüddətli münasibətlərini də möhkəmləndirir. İştirakçılar arasında yeni əlaqələr yaradılır, iqtisadi və ticari sahələrdə qarşılıqlı fəaliyyət üçün yeni imkanlar üzə çıxır. Üzvlər arasında işgüzar əlaqələrin və ticari münasibətlərin genişləndirilməsinə şərait yaradılır.
Görüş zamanı əsas diqqət iki ölkə arasında mövcud olan ticari münasibətlərin yeni səviyyəyə qaldırılması, ortaq iqtisadi sahələrdə əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi yollarının araşdırılmasına yönəldilib. Tədbir, iki ölkə arasında iqtisadi, mədəni və sosial əlaqələrin möhkəmlənməsi üçün əhəmiyyətli bir addım kimi dəyərləndirilib.
Sonda Mustafa Şən tərəfindən yeni üzvlərə TÜİB-in üzvlük plaketləri təqdim edilib. Tədbir iştirakçılar arasında yaranan işgüzar və şəxsi əlaqələr sayəsində yadda qalan və məhsuldar bir görüş kimi qiymətləndirilib.
Bu cür tədbirlər Türkiyə və Azərbaycan arasında yalnız iqtisadi əlaqələrin deyil, eyni zamanda mədəni və sosial sahələrdə də əməkdaşlığın inkişafına böyük töhfə verir, iki ölkənin ortaq hədəfləri istiqamətində sıx əməkdaşlıq etməsinə şərait yaradır.
Tədbirin həyata keçirilməsində dəstək göstərən Günaydın Restoranlar Şəbəkəsinə təşəkkür edir, işlərində uğurlar arzulayırıq.
Kanal 20 TV Səbuhi Zaman.