Bugun.tv– yə daxil olan məlumata əsasən, Milli Məclisin deputatı Ceyhun Məmmədov “Səssiz Dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin təşkilatçılığı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Gəncliyin Qalası: Təhsil və Sağlamlıq” layihəsinin təqdimatında iştirak edib.
Tədbir çərçivəsində erkən nikah, məişət zorakılığı, insan alveri və narkomaniya kimi cəmiyyətimiz üçün təhlükəli olan problemlərlə mübarizəyə diqqət çəkilib, həmçinin eşitmə və nitq qabiliyyəti məhdud olan gənclərin maarifləndirilməsi və onların sosial həyatda fəal iştirakının təşviqi istiqamətində atılan addımlar müzakirə olunub.
Azərbaycan Respublikasının Dövlət Himninin jest dilində səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi tədbirə xüsusi məna qatıb.
Millət vəkili çıxışında vurğulayıb ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həssas əhali qruplarına – o cümlədən sağlamlıq imkanları məhdud şəxslərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədə illərdir göstərdiyi humanist fəaliyyət cəmiyyətimizin bütün təbəqələrinin inkişafına və inteqrasiyasına xidmət edir.

Bu tədbir, dövlətin sosial siyasətinin icrasında vətəndaş cəmiyyətinin fəal iştirakının əyani nümunəsidir. Eyni zamanda, gənclərin maarifləndirilməsi və onların sosial təhlükələrə qarşı müqavimətinin artırılması baxımından önəmli addımdır.
C. Məmmədov qeyd edib ki, layihəni həyata keçirən “Səssiz Dünya” İB-nin rəhbərliyinə, könüllülərinə və iştirak edən hər kəsə təşəkkür edirəm. Sosial çarxın – “Mən oynadım, o isə bu həyatı yaşayır” – təqdimatı xüsusilə təsirli idi və ictimai çağırış baxımından əhəmiyyət daşıyırdı.
Bu cür təşəbbüslərin davamlı olacağına və daha geniş auditoriyanı əhatə edəcəyinə inanıram”.


