Bugun.tv xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov Türk Dövlətləri Təşkilatının beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi və türk dövlətləri arasında əməkdaşlığın inkişafı ilə bağlı paylaşım edib.
Deputat sosial media hesabında yazıb ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin daha da yaxınlaşması və inkişafı müşahidə olunur. Onun fikrincə, Azərbaycanın regionda formalaşdırdığı yeni düzən Türk dünyasının inkişafı üçün əlavə imkanlar yaradır.
Vüqar Bayramovun qeyd etdiyi rəqəmlərə görə, Türk dünyasının nominal ümumi daxili məhsulu 2,1 trilyon dollardır. O bildirib ki, türk dövlətləri vahid iqtisadi blok şəklində birləşsəydi, alıcılıq qabiliyyəti pariteti (PPP) nəzərə alınmaqla ÜDM-in həcminə görə dünyada 7-ci yerdə qərarlaşardı.
Deputatın paylaşımında qeyd olunur ki, türk dövlətlərinin PPP əsasında ümumi ÜDM-i 5 trilyon 478 milyard dollar təşkil edir. Bu yanaşmaya əsasən, Türk dünyasında adambaşına düşən ÜDM isə 31 min dollardan çoxdur.
Bayramov hesab edir ki, Türk dünyasında əməkdaşlıq və inteqrasiya getdikcə dərinləşir. O, türk dövlətlərinin indiyədək olmadığı qədər yaxın və birgə fəaliyyət göstərdiyini vurğulayıb.
