“Azərbaycan – Türkiyə İş Adamları Birliyi (ATİB) tərəfindən təşkil edilən, iki qardaş ölkənin nümayəndələri olan üzvlər arasında əməkdaşlıq və koordinasiyanı gücləndirmək, eləcə də yeni üzvləri Birliyə təqdim etmək məqsədi daşıyan növbəti işgüzar səhər yeməyi baş tutub” – deyə deputat Ceyhun Məmmədov öz sosial media hesabında paylaşım edib.
Deputat çıxışında Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərinin təkcə siyasi və mədəni sahələrlə məhdudlaşmadığını, iqtisadi əməkdaşlığın da bu münasibətlərin ən mühüm dayaqlarından biri olduğunu xüsusi vurğulayıb.

Belə görüşlərin iş adamları arasında qarşılıqlı etimadı möhkəmləndirdiyini, yeni əməkdaşlıq imkanlarının formalaşmasına zəmin yaratdığını və iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini qeyd edib.

Eyni zamanda, bu cür tədbirlərin həm yerli, həm də beynəlxalq səviyyədə biznes mühitinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını, Azərbaycanın iqtisadi potensialının, investisiya mühitinin və sahibkarlıq imkanlarının Türkiyə iş dünyasına təqdim olunmasında xüsusi rol oynadığını diqqətə çatdırıb.

“Belə platformalar, qardaş ölkələr arasında strateji əməkdaşlığın iqtisadi sütunlarını gücləndirməklə yanaşı, iş adamlarının birgə layihələr vasitəsilə regionun rifahına və sabit inkişafına töhfə verməsinə imkan yaradır” deyə deputat vurğulayıb.



