Psixoloq Dmitri Deulin bildirib ki, tənhalıqdan əziyyət çəkən bir çox qadın müstəqillik və özünəyetərliliyi səhvən üstünlük kimi qəbul edir və bu, daxili böhranı daha da dərinləşdirir. O, bu barədə “Moskva” Şəhər Xəbərləri Agentliyinə açıqlama verib.
Moskva Dövlət Psixoloji-Pedaqoji Universitetinin (MDPPU) “Ekstremal psixologiya” fakültəsinin dekanı Deulinin sözlərinə görə, psixoloji konsultasiyalar zamanı bəzən anlayışların yerinin dəyişdirilməsi baş verir. “Müştəriyə onun tənha olmadığı, sadəcə müstəqil və özünəyetərli olduğu təlqin edilir. Bu isə problemin həll edildiyi illüziyasını yaradır. Əslində isə problem dərinləşir və daha ciddi nəticələrə, hətta xroniki sosial təcridə qədər apara bilər”, – deyə o qeyd edib.
Psixoloq izah edib ki, əvvəlki münasibətlərdə yaşanan uğursuz təcrübə tez-tez “psixoloji əyləc” rolunu oynayır. İnsan keçmiş inciklikləri yeni partnyorlara proyeksiya edir, həddindən artıq şübhəcil davranır və yüksək tələblər irəli sürür.
“Bu vəziyyətdən çıxışın açarı insanın özü ilə dürüst işləməsidir: problemin dərk edilməsi, həyat baxışlarının yenidən nəzərdən keçirilməsi və münasibət qurarkən istifadə olunan ‘alətləri’ dəyişməyə hazır olmaq. Bəzən sadəcə anlamaq kifayətdir ki, sənin ‘ölçün’ real dünya üçün uyğun deyil”, – deyə Deulin vurğulayıb.
Mütəxəssis tənhalıq hissi keçirən qadınlara səbirli olmağı və özlərinə qapanmamağı tövsiyə edib. “Yaxınların və dostların tövsiyələrinə qulaq asmaq, həmçinin mütəxəssislərdən yardım almaq imkanını nəzərdən keçirmək vacibdir”, – deyə o əlavə edib.
Mənbə: mail.ru
