“Azərbaycan Prezidenti cənab İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində ölkənin valyuta ehtiyatlarının tarixi rekord həddə – 80 milyard dollardan artıq səviyyəyə çatdığını bildirib. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan dünyada valyuta ehtiyatları ümumidaxili məhsulundan (ÜDM) çox olan nadir ölkələr sırasındadır”.
Bugun.tv xəbər verir ki, bu şərhi iqtisadçı deputat Vüqar Bayramov öz sosial media hesabında paylaşıb.
Deputat vurğulayıb ki, hazırda Azərbaycanın valyuta ehtiyatları ÜDM-dən 8 faiz çoxdur ki, bu da makroiqtisadi sabitliyin mühüm göstəricisi hesab olunur. 2025-ci ildə ölkənin valyuta ehtiyatları 14 faiz artaraq 83,6 milyard dollara çatıb. Dövlət aktivlərinin artmasında Dövlət Neft Fondunun investisiya istiqamətlərinin şaxələndirilməsi xüsusi rol oynayır.
Son illər Neft Fondunun qızıla yatırımları artıb və fondun qızıl portfeli 185 tona çatıb. Bununla yanaşı, investisiya portfelində ABŞ dolları hələ də üstün mövqedədir. Belə ki, portfelin 68 faizi ABŞ dollarında saxlanılır.
Dünya ölkələrinin əksəriyyətində valyuta ehtiyatları ÜDM-in nisbətən kiçik hissəsini təşkil edir. Müqayisə üçün qeyd edək ki, bu göstərici Sinqapurda 66 faiz, Rusiyada 17 faiz, Braziliyada 14 faiz, Çində isə 6,2 faizdir. Avropa ölkələrində bu nisbət daha da aşağıdır. Məsələn, Almaniyada valyuta ehtiyatlarının ÜDM-də payı cəmi 0,7 faiz təşkil edir.
İqtisadiyyatı böyük olan sənaye ölkələrində ÜDM-in həcmi bu nisbətə təsir göstərsə də, “orta güc” dövlətləri üçün valyuta ehtiyatlarının yüksək səviyyədə olması xüsusi əhəmiyyət daşıyır. Bu, iqtisadi dayanıqlığın qorunması, fiskal xərclərin fasiləsiz icrası və mümkün risklərə qarşı maliyyə təhlükəsizliyinin təmin olunması baxımından mühüm rol oynayır.
