Ukrayna Silahlı Qüvvələrinin (VSU) Xerson vilayətinin Xorlı kəndinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb. Həlak olanlar arasında iki azyaşlı uşaq da var. Bu barədə yanvarın 2-də Rusiya İstintaq Komitəsi məlumat yayıb.
İstintaqın məlumatına görə, yanvarın 1-nə keçən gecə Kalancak bələdiyyə dairəsinin Xorlı kəndində yerləşən kafe və otel kompleksinə partlayıcı maddələrlə təchiz olunmuş pilotsuz uçuş aparatları (PUA) ilə kütləvi hücum həyata keçirilib. Hücum zamanı binada azı 100 mülki şəxs – obyektin müştəriləri və əməkdaşları olub.
Hadisə nəticəsində 27 nəfər, o cümlədən iki azyaşlı həyatını itirib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 31 nəfər xəstəxanalara yerləşdirilib, onların arasında beş azyaşlı da var.
Hadisə yerinə baxış zamanı istintaqçılar bir neçə PUA-ya məxsus qalıqları aşkar edərək götürüblər. Tibbi, genetik, partlayış-texniki və yanğın-texniki olmaqla 26-dan çox məhkəmə ekspertizası təyin edilib. Araşdırmaların aparılması üçün mərkəzi aparatın kriminalist və ekspertləri də bölgəyə göndərilib.
Rusiya İstintaq Komitəsi yanvarın 1-də Cinayət Məcəlləsinin 205-ci maddəsi (“Terror aktı”) üzrə cinayət işi açıb. Rusiya prezidenti Vladimir Putin hadisə ilə bağlı Xerson vilayətinin qubernatoru Vladimir Saldonun məruzəsini dinləyib və baş verənləri 2014-cü il mayın 2-də Odessada yaşanan hadisələrlə müqayisə edib.
Xerson vilayət administrasiyası faciə nəticəsində həlak olanların ilkin siyahısını da yayımlayıb. Siyahıya 1970, 1977 və 1983-cü il təvəllüdlü üç kişi, 1959, 1995 və 1999-cu il təvəllüdlü üç qadın və 2008-ci il təvəllüdlü bir qız daxil edilib. Həmin gün axşam saatlarında Zaporojye vilayətində sakinlər və könüllülər terror qurbanlarının xatirəsinə şamlar yandırıblar.
Mənbə: mail.ru
