9 C
Baku
20 Fevral 2026, 1:32
Digər

İranda siyasi-iqtisadi böhran dərinləşir..

“İranda devalvasiya və inflyasiyaya qarşı müxtəlif şəhərlərdə keçirilən etirazlar siyasi sistemin idarə olunmasında mövcud olan dərin struktur problemlərindən qaynaqlanır. Tətbiq edilən beynəlxalq sanksiyalar, eyni zamanda uzun illərdir real iqtisadi və siyasi islahatların aparılmaması bu proseslərin əsas tərkib hissəsidir.

İran prezidenti Məsud Pezeşkian islahatlara getmək niyyətində olsa da, mühafizəkar qanad bu təşəbbüslərin qarşısını aldı. Halbuki İsrail–İran qarşıdurmasından sonra ölkəni mövcud iqtisadi bataqlıqdan çıxarmaq üçün real imkanlar yaranmışdı. Həmin dövrdə İran cəmiyyətinin əhəmiyyətli hissəsi hakimiyyətin yanında yer aldı.

Lakin mühafizəkar siyasi sistem daxili siyasi və sosial islahatlar aparmaq əvəzinə, Hizbullah və HƏMAS kimi regional silahlı qruplaşmalara milyardlarla dollar maliyyə ayırdı. Paralel olaraq, yeni silahların alınmasına, ballistik raket proqramının genişləndirilməsinə ciddi vəsait yönəldildi. Bu isə ölkə daxilində sosial-iqtisadi problemlərin daha da dərinləşməsinə səbəb oldu”.

Bugun.tv-xəbər verir ki, bu barədə açıqlamanı siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında paylaşıb.

O qeyd edib ki, mövcud vəziyyət obyektiv olaraq ABŞ və İsrailin maraqlarına xidmət edir. Əgər yeni bir müharibə başlarsa, cəmiyyət artıq mövcud siyasi sistemi əvvəlki kimi dəstəkləməyə bilər. Doğrudur, 12 günlük müharibə zamanı xalq hakimiyyətin yanında oldu, lakin bu dəstək daha çox xarici təhlükə faktorundan qaynaqlanırdı və uzunmüddətli siyasi etimad kimi qiymətləndirilə bilməz.

Hazırda İran prezidenti M. Pezeşkian struktur və siyasi islahatların aparılmasına çalışır. Ancaq mühafizəkar sistem mövcud iqtisadi və sosial böhrandan çıxmaq üçün real islahatlara getməzsə, ölkə İsrail və ABŞ-ın hərbi müdaxiləsi ilə üzləşə bilər. Belə bir ssenaridə isə cəmiyyətin ciddi müqavimət göstərməyəcəyi ehtimalı da istisna olunmur.

Baş verən etirazlar göstərir ki, İran cəmiyyəti artıq yalnız xarici düşmən ritorikası ilə idarə olunmaq istəmir və sosial rifah, iqtisadi sabitlik və siyasi dəyişikliklər tələb edir.

2026-ci il İran rejimi üçün çətin və məsuliyyətli il olacaq. Amma, hakimiyyətin devrilməsi, şah rejiminin qurulması mümkün görünmür. Hazırda etirazlarda şahı arzulayan şüarlar səsləndirilir. Bu da deməyə əsas verir ki, etirazlarda xarici faktor rolu istisna deyil.

Məhəmməd Əsədullazadə Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert

Aynur Camal

Oxşar xəbərlər

Yaponiyada su sistemi üçün bələdiyyəyə 21 kiloqram “gizli” qızıl ianə edilib

Aynur Camal

Trampdan AF məsələsi ilə bağlı sərt açıqlama: Netanyahu üçün İsrail Prezidenti Herzog’a tənqid

Aynur Camal

Qonşuda böyük xaos, İranda Livanlaşma siqnalları!!!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu