4 C
Baku
15 Yanvar 2026, 3:23
Dünya

Beynəlxalq Kosmik Stansiyada tarixdə ilk tibbi təxliyə əməliyyatı həyata keçirilir

DÜNYA – NASA-nın açıqlamasına görə, Beynəlxalq Kosmik Stansiyada (International Space Station – ISS) bir astronavtın ciddi sağlamlıq problemi ilə üzləşməsi səbəbindən stansiyada fəaliyyət göstərən dörd nəfərlik Crew-11 heyəti planlaşdırılandan təxminən bir ay əvvəl Yerə qaytarılacaq. Bu addım stansiyanın 25 ildən artıq davam edən fəaliyyəti tarixində ilk dəfə tibbi səbəblə erkən dönüş əməliyyatı kimi qeydə alınır.

NASA astronavtın şəxsi məlumatlarının qorunması və tibbi məxfilik qaydalarına uyğun olaraq onun adını və sağlamlıq probleminin detallarını açıqlamayıb. Agentliyin bildirdiyinə görə, müvafiq heyət üzvünün vəziyyəti stabildir və bu qərar “təcili təxliyə” deyil, sağlamlıq riskini minimuma endirmək məqsədi daşıyan profilaktik tədbir kimi qiymətləndirilir.

2025-ci ilin avqust ayında SpaceX-in Crew Dragon kapsulu ilə ISS-ə göndərilmiş Crew-11 komandası bu ilin fevral ayında Yerə qayıtmağı planlaşdırırdı. Heyətin tərkibində NASA-dan Zena Cardman və Mike Fincke, Yaponiya Kosmik Agentliyindən (JAXA) Kimiya Yui, Rusiya Kosmik Agentliyindən (Roskosmos) Oleq Platonov yer alır. NASA rəhbəri Jared Isaacman yaxın günlərdə dönüş planının rəsmiləşdiriləcəyini bildirib.

Crew-11 heyətinin erkən qayıdışı nəticəsində ISS-də yalnız üç nəfər qalacaq — biri amerikalı, ikisi rusiyalı astronavt. Mütəxəssislər bunun stansiyada aparılan bəzi təcrübələrə və texniki işlərə təsir göstərə biləcəyini qeyd edirlər.

Bu vəziyyət daha əvvəl planlaşdırılmış kosmik gəzintinin (spacewalk) də ləğv edilməsinə səbəb olub. NASA rəsmiləri sağlamlıq probleminin stansiyanın əməliyyatları və ya hər hansı travma ilə əlaqəli olmadığını dəfələrlə vurğulayıblar.

Mənbə: Trthaber.com

Aynur Camal

Oxşar xəbərlər

Alimlər insanın bədənini “özünə məxsus” hiss etməsinin sirrini tapdı

Aynur Camal

❄️ Bilirdinizmi? Dünyada ilk “buz arxivi” yaradıldı

Aynur Camal

Siyasi ekspert Məhəmməd Əsədullazadə: Şah rejimi ilə molla rejimi eyni sistemin fərqli formalarıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu