Politoloq Aqil Məmmədovun paylaşımına əsasən, dünya liderlərinin cəmi 5 gün sonra Davos səfərinə hazırlaşdığı bir vaxtda Dünya İqtisadi Forumu (DİF) “Qlobal Risklər 2026” hesabatını açıqlayıb.
Hesabatda 2026-cı il, yaxın 2 il və uzunmüddətli 10 ili əhatə edən əsas qlobal risklər təhlil olunur.
Aqil Məmmədov bildirir ki, hesabatın əsas mesajı ondan ibarətdir ki, qarşıdakı onillik dünya üçün kifayət qədər fırtınalı və gərgin keçəcək. Xüsusilə yaxın iki il ərzində geosiyasi qarşıdurmaların davam edəcəyi, dövlətlər arasında silahlı münaqişələrin isə əsas qlobal risk olaraq qalacağı vurğulanır. Bununla yanaşı, dezinformasiya artıq klassik təhlükələrdən biri deyil, qlobal miqyasda sabitliyə təhdid yaradan əsas risk kimi qiymətləndirilir.
Politoloqun sözlərinə görə, yalnız iki ildən sonra geosiyasi gərginliklərin nisbətən səngiməsi fonunda qlobal iqlim dəyişikliyi və ekoloji problemlər dünyanın gələcəyi üçün əsas prioritet risklər sırasında ön plana çıxacaq.
Hesabat eyni zamanda göstərir ki, indiyədək qlobal sabitliyin əsas dayaqlarından biri olan iqtisadi əməkdaşlıq tədricən geosiyasi alətə, hətta silaha çevrilməkdədir. Yeni mərhələdə milli maraqların qorunması və strateji çeviklik dövlətlər üçün daha vacib olacaq. Aqil Məmmədov qeyd edir ki, bu gün perspektiv və fürsət kimi dəyərləndirilən süni intellekt texnologiyaları yaxın gələcəkdə əsas risk mənbələrindən birinə çevrilə bilər. Bu isə ənənəvi təhlükələrin sürətlə yeniləri ilə əvəz olunduğunu və dövlətlərdən, cəmiyyətlərdən daimi ayıq-sayıqlıq tələb etdiyini göstərir.
Politoloqun fikrincə, hesabat yaxın günlərdə Davosda başlayacaq müzakirələrin də kifayət qədər gərgin keçəcəyinə işarə edir. Xüsusilə Şərq-Qərb xətti boyunca ziddiyyətlərin müzakirələrin əsas fonunu təşkil edəcəyi gözlənilir.
“Əməkdaşlığın ruhu” devizi altında keçiriləcək bu diskussiyalarda Azərbaycanın da fəal şəkildə iştirak edəcəyi vurğulanır.
Aqil Məmmədov həmçinin bildirir ki, rəsmi Bakı Şərqlə Qərb arasında gərginləşən beynəlxalq mühitdə özünü mühüm regional güc kimi təqdim etməyə və Qafqazda uzlaşdırıcı rol oynamağa çalışacaq: “Xüsusilə diqqətçəkən məqamlardan biri odur ki, Davosda Qafqaz regionu Azərbaycan Prezidenti İlham Əliyevin timsalında təmsil olunacaq”.
