Baş xəbər

20 Yanvar – Qanla Yazılan Şərəf Tarixi: Azərbaycan Xalqının Sarsılmaz İradəsi

Bugun.tv – xəbər verir ki, hər bir azərbaycanlı bu günü 20 Yanvar – Ümummilli hüzn gününü qeyd edir.

20 yanvar 1991-ci il Azərbaycan xalqının yaddaşına qanla yazılan, lakin milli qürur və qəhrəmanlıqla möhürlənən bir tarix kimi həkk olunub.

Bu gün ölkə boyu milyonlarla insan hər il olduğu kimi Şəhidlər xiyabanını ziyarət edərək Vətən uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın xatirəsini ehtiramla yad edəcəklər.

Qeyd edək ki, Moskvanın siyasi iradəsinə qarşı ilk açıq etirazlardan biri olan 20 Yanvar hadisələri Azərbaycan xalqının azadlıq və müstəqil yaşamaq istəyinin qarşısını almaq məqsədi daşıyıb. Sovet ordusunun Bakıya yeridilməsi nəticəsində dinc əhaliyə qarşı törədilmiş qətliam insanlığa qarşı cinayət kimi tarixə düşüb. Lakin bu qanlı gecə Azərbaycan xalqının iradəsini sındıra bilməyib.

Faciədən dərhal sonra Moskvada yaşayan ümummilli lider Heydər Əliyev həyatını təhlükə altına ataraq Azərbaycanın haqq səsini bütün dünyaya çatdırıb. Onun Sovet rəhbərliyini açıq şəkildə ittiham etməsi 20 Yanvar hadisələrinə verilən ilk siyasi və hüquqi qiymət kimi tarixə düşüb. Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyətli mövqeyi bu faciənin milli azadlıq hərəkatının dönüş nöqtəsinə çevrilməsində mühüm rol oynayıb.

20 Yanvar Azərbaycan xalqının qorxmazlığını, birliyini və milli ləyaqətini nümayiş etdirib. Bu hadisə Sovet imperiyasının süquta uğramaqda olduğunun açıq göstəricisi olub və yeni, müstəqil Azərbaycanın yaranmasına aparan yolun əsasını qoyub. Qanla yazılan bu tarix sonradan dövlət müstəqilliyimizin bərpası ilə nəticələnib.

Bu gün 20 Yanvar şəhidlərinin ruhu şaddır. Çünki onların uğrunda can verdiyi Azərbaycan artıq güclü, qalib və regionda söz sahibi olan dövlətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa edərək Qarabağı işğaldan azad edib. Bu Zəfər 20 Yanvar şəhidlərinin arzularının reallaşması, milli mübarizənin məntiqi davamı kimi qiymətləndirilib.

Bu gün Şəhidlər xiyabanına axın edən insanlar 20 Yanvar gününü yalnız keçmiş tarix kimi anmayacaq, eyni zamanda gələcəyə olan inamlarını, Azərbaycan xalqının sarsılmaz iradəsinin, azadlıq eşqinin və dövlətçilik ruhunun əbədi simvolu olaraq tarixdə qalmasını da bir daha nümayiş etdirəcəklər.

Aynur Camal

Oxşar xəbərlər

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Deputat fitrə zəkatının verilmə qaydası və vaxtını açıqladı

Aynur Camal

Deputat Qədir gecəsinin vaxtı ilə bağlı paylaşım edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu