5 C
Baku
26 Yanvar 2026, 21:10
Baş xəbərSiyasət

“Davos forumu dərinləşən beynəlxalq böhran fonunda keçirilir”

“Beynəlxalq münasibətlər sistemində baş verən köklü dəyişikliklər fonunda Davos forumu bu dəfə daha çox geosiyasi məna daşıyır”.

Bugun.tv– xəbər verir ki, bu barədə şərhi siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında paylaşıb.

Siyasi ekspertin fikrincə, Davos iqtisadi-siyasi forumunun dünya siyasi nizamında yaranmış dərin böhran fonunda keçirilməsi qloballaşmanın hələ də aktual olduğunu göstərir. Lakin bu qloballaşma artıq əvvəlki liberal məzmununu itirərək daha çox güc balansı və rəqabət üzərində formalaşır.

Məhəmməd Əsədullazadə qeyd edib ki, forum ABŞ və Avropa İttifaqı arasında siyasi böhranın davam etdiyi, ənənəvi müttəfiqlərin bir-birini rəqib kimi qəbul etdiyi bir mərhələdə baş tutur. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın Davosda iştirakı beynəlxalq müstəvidə ölkəsinin şəriksiz lider olduğunu və hər bir dövlətin ABŞ-la hesablaşmalı olduğu mesajını verir. Bu kontekstdə Davos artıq klassik siyasi-iqtisadi əməkdaşlıq platformasından çıxaraq ABŞ–Avropa rəqabəti fonunda güc nümayişi meydanına çevrilir.

Ekspert vurğulayıb ki, dünyanın siyasi nizamı dəyişir və Donald Trampın Davosda iştirakı təsadüfi deyil. O, ABŞ-ın beynəlxalq hüquqa deyil, yalnız ikitərəfli tərəfdaşlıqlara əsaslanan yeni xarici siyasət xəttini açıq şəkildə elan etməyə hazırlaşır. Bu yanaşma çoxtərəfli institutların zəifləməsi və yeni alternativ platformaların meydana çıxması ilə müşayiət olunur.

Onun fikrincə, artıq Qəzza Sülh Forumunun beynəlxalq gündəmə gətirilməsi Davosa alternativ yeni bir qlobal platformanın formalaşdırılması cəhdidir və bu, beynəlxalq münasibətlər sistemində yeni mərkəzlərin yarandığını göstərir.

Məhəmməd Əsədullazadə paylaşımında Azərbaycanın Davos forumunda iştirakına da toxunub. Bildirib ki, Cənubi Qafqazda yeni siyasi-iqtisadi nizamı formalaşdıran Azərbaycan Asiya ilə Avropanı birləşdirən əsas geostrateji aktora çevrilib. Yeni dünya siyasi nizamı şəraitində həm Avropa, həm də ABŞ Azərbaycana ciddi siyasi və strateji dəstək verməkdə maraqlıdır.

Siyasi ekspertin sözlərinə görə, Prezidentin Davosdakı çıxışı Azərbaycanın yeni strateji baxışını ortaya qoyub. Bu strategiya təhlükəsizlik, enerji, nəqliyyat və sülh komponentlərini özündə birləşdirir və Azərbaycan bu müstəvidə açıq, praqmatik və balanslı tərəfdaşlığa hazır olduğunu beynəlxalq ictimaiyyətə bəyan edib.

Aynur Camal

Oxşar xəbərlər

Ermənistan Azərbaycanın COP17-də iştirakı üçün tezliklə rəsmi dəvət göndərəcək

Aynur Camal

“Azərbaycan dilinin saflığının qorunmasına nəzarət” mövzusunda görüş keçirildi

Aynur Camal

ABŞ yeni milli müdafiə strategiyasını açıqladı — Aqil Məmmədovun şərhi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu