Alimlər erkən uşaqlıq dövrünə aid xatirələrin tamamilə yoxa çıxmadığını, əksinə beynin daxilində gizli şəkildə saxlanıla biləcəyini müəyyən ediblər. Yeni araşdırmalar göstərir ki, beyin bu xatirələrin hansının aktiv qalacağına, hansının isə əlçatmaz olacağına özü qərar verir.
PLOS Biology jurnalında dərc olunan tədqiqatda uşaq amneziyası adlanan fenomenin – insanların və heyvanların erkən yaş dövrünə aid hadisələri xatırlamamasının – səbəbləri araşdırılıb. Araşdırmaya görə, bu prosesdə beynin immun hüceyrələri mühüm rol oynaya bilər.

İrlandiyanın Dublin şəhərində yerləşən Triniti Kollecinin alimləri müəyyən ediblər ki, sinir sistemini qoruyan xüsusi hüceyrələr – mikroqliya – xatirələrin saxlanılması və ya basdırılmasını tənzimləyir. Təcrübələr gənc siçanlar üzərində aparılıb. Erkən sabit xatirələrin formalaşdığı dövrdə mikroqliyanın fəaliyyəti zəiflədildikdə, siçanların qorxu ilə bağlı xatirələri daha uzun müddət yadda saxladığı müşahidə olunub.
Bu nəticələr unutmanın passiv proses olmadığını, əksinə beynin neyron şəbəkələri tərəfindən aktiv şəkildə idarə edildiyini göstərir. Alimlər xatirələrin saxlanmasında iştirak edən engramlar – xüsusi neyron qrupları – üzərində də araşdırmalar aparıblar. İşıq saçan markerlər vasitəsilə müəyyən edilib ki, mikroqliya aktivliyi azaldıqda bu neyronlar daha güclü işləyir və daha uzun müddət funksional qalır.

Tədqiqat həmçinin öyrənmə və məkan yaddaşı ilə əlaqəli hippokamp, eləcə də qorxu və emosiyaların emalı ilə bağlı amigdala bölgələrində aparılıb. Məhz bu strukturlarda mikroqliyanın fəaliyyəti xatirələrin bərpasına ən çox təsir göstərib.
Alimlər hesab edirlər ki, uşaq amneziyası inkişafın təsadüfi yan təsiri deyil, erkən yaşlarda daha çevik neyron əlaqələrin formalaşmasına kömək edən adaptiv mexanizmdir. Mikroqliyanın rolunun daha dərindən öyrənilməsi gələcəkdə yaddaş pozğunluqlarının müalicəsi üçün yeni yanaşmaların yaranmasına şərait yarada bilər.
Mənbə: mail.ru
