İqtisadçı deputat Vüqar Bayramov bu gün Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında geniş tərkibdə görüşü barədə sosial media hesabında paylaşım edib.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq “orta güc” dövlətinə çevrilib və regional düzənin müəyyənləşdirilməsində əsas ölkələrdən biridir. Vüqar Bayramov qeyd edib ki, Azərbaycan eyni zamanda sülh gündəliyinin irəlilədilməsi istiqamətində səylərini davam etdirir.
Paylaşımda vurğulanıb ki, Azərbaycan üzərindən Ermənistana yüklərin daşınması ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması və benzin ixracının həyata keçirilməsi kimi addımlar da məhz dayanıqlı sülhə xidmət edir. Deputat əlavə edib ki, hazırda 16 ölkəyə təbii qaz nəql edən Azərbaycan bütövlükdə regionun enerji təhlükəsizliyinə ciddi dəstək nümayiş etdirir.
Vüqar Bayramov bildirib ki, Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin və kommunikasiyaların yenidən bərpası regionda sülhün möhkəmlənməsinə xidmət edə bilər. Deputatın fikrincə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizi regionun inkişafı üçün yeni imkanlar yaradacaq.
Deputatın ilkin qiymətləndirmələrinə əsasən, sülh müqaviləsinin imzalanmasından sonra Azərbaycan ilə Ermənistan arasında 38 məhsul üzrə qarşılıqlı ticarətin qurulması mümkündür. Bu məhsulların enerji və qeyri neft-qaz sektorunu əhatə etdiyi qeyd olunub.
Vüqar Bayramovun sözlərinə görə, sülh müqaviləsi imzalanarsa və ticari əlaqələr bərpa edilərsə, Azərbaycan ilə Ermənistan arasında illik 300 milyon dollarlıq ticarət dövriyyəsi formalaşa bilər. Deputat əlavə edib ki, bütün bu proseslərin uğuru Ermənistanın sülhə sadiqliyindən asılı olacaq.
