ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi ilə təminat gəmisi Karib dənizində toqquşub. Hadisə nəticəsində 2 nəfərin yüngül xəsarət aldığı bildirilib.
Bugun.tv xəbər verir ki, ABŞ Cənub Komandanlığının sözçüsü polkovnik Emmanuel Ortizin açıqlamasına görə, Arleigh Burke sinifli USS Truxtun esminesi və Supply sinifli USNS Supply sürətli döyüş dəstək gəmisi dənizdə yanacaq və təchizat doldurulması zamanı qəza ilə üzləşib.
Məlumata əsasən, yaralanan şəxslərin vəziyyəti stabildir. Rəsmi şəxslər hər iki gəminin təhlükəsiz şəkildə fəaliyyətini davam etdirə biləcəyini qeyd ediblər.
Toqquşmanın səbəbi hələlik açıqlanmayıb. Hadisə ilə bağlı araşdırma başladılıb. Qəzanın dəqiq hansı ərazidə baş verdiyi barədə də məlumat verilməyib.
Qeyd edək ki, USS Truxtun gəmisi planlaşdırılmış yerləşdirməyə başlamaq üçün 6 fevral tarixində Norfolk limanından yola çıxıb. USNS Supply gəmisi isə hazırda Karib dənizində fəaliyyət göstərirdi.
Mənbə: İLKHA
