ABŞ ilə İran arasında nüvə danışıqları davam edir. ABŞ Prezidenti Donald Tramp İranla bağlı yeni açıqlama verib. Tramp jurnalistlərlə Air Force One təyyarəsində danışıb. O bildirib ki, İran razılaşmanın uğursuz olmasını istəmir.
“Məncə, onlar razılaşmanın pozulmasını istəmirlər”, – deyə Tramp qeyd edib.
ABŞ prezidenti İranın danışıqlarda uzun müddətdir sərt mövqe tutduğunu deyib. O bildirib ki, ABŞ ötən yay İranın nüvə obyektlərini bombaladıqdan sonra Tehran bunun nəticələrini anlayıb.
Tramp İranın danışıqlara hazır olduğunu da vurğulayıb. O, prosesdə dolayı şəkildə iştirak edəcəyini bildirib. Tramp əlavə edib ki, danışıqlar uğursuz olarsa, hərbi əməliyyat variantı yenidən gündəmə gələ bilər: “O vaxt məsələni danışıqlar yolu ilə həll edə bilərdik. Amma B-2 bombardmançılarını göndərməli olduq”, – deyə o bildirib.
Tramp ümid etdiyini deyib ki, İran bu dəfə daha məntiqli davranacaq. O, 13 fevralda rejim dəyişikliyi ehtimalını da gündəmə gətirmişdi.
İran Xarici İşlər naziri Abbas Araqçi isə sərt mövqeyini qoruyub. O, X platformasında Cenevrəyə konkret planlarla gəldiklərini yazıb. Araqçi bildirib ki, İran təhdidlərə boyun əyməyəcək.
ABŞ Dövlət katibi Marko Rubio isə diplomatik razılaşma üçün imkan olduğunu deyib. Lakin o, danışıqların çətin keçəcəyini vurğulayıb.
Bu arada ABŞ bölgədə hərbi təzyiqi də artırır. Abraham Lincoln təyyarədaşıyan qrupundan sonra Gerald Ford təyyarədaşıyan gəmisi də İran yaxınlığındakı sulara göndərilib.
Reuters yazır ki, danışıqlar uğursuz olarsa, ABŞ uzunmüddətli hərbi əməliyyat ehtimalını nəzərdən keçirir.
Mənbə: mail.ru
