Londonun məşhur Victoria və Albert Muzeyi (V&A) YouTube platformasının tarixində xüsusi yer tutan bir materialı rəsmi kolleksiyasına daxil edib.
Muzey, YouTube-un qurucu ortaqlarından olan Jawed Karim tərəfindən platformaya yüklənən ilk videonu və həmin dövrə aid yenidən hazırlanmış veb-səhifə dizaynını satın alıb.
Söhbət 2005-ci il 23 aprel tarixində paylaşılmış “Me at the zoo” (“Mən zooparkdayam”) adlı 19 saniyəlik qısa videodan gedir. Video San Dieqo Zooparkında filləri göstərir və kadrlarda 25 yaşlı Jawed Karim görünür.
Məlumata görə, bu tarixi video bu günə qədər 382 milyondan çox baxış və 18 milyondan artıq bəyənmə toplayıb. Muzey rəhbərliyi videonu internetin və rəqəmsal mədəniyyətin formalaşmasında mühüm dönüş nöqtəsi kimi qiymətləndirir.
V&A muzeyinin rəqəmsal qoruma komandası YouTube-un 8 dekabr 2006-cı il tarixindəki dizaynını və istifadəçi təcrübəsini yenidən bərpa etmək üçün 18 ay ərzində araşdırma aparıb. Layihə çərçivəsində YouTube-un istifadəçi təcrübəsi komandası və London mərkəzli “oio” dizayn studiyası ilə əməkdaşlıq edilib.
V&A-nın baş kuratoru Corinna Gardner bildirib ki, YouTube-un ilk dövrlərini əks etdirən bu material internet və rəqəmsal dizayn tarixində simvolik bir mərhələdir. YouTube-un icraçı direktoru Neal Mohan isə bu addımın insanların qlobal mədəni fenomenin başlanğıcına qayıtmasına imkan yaratdığını vurğulayıb.
Qeyd olunur ki, bu tarixi video artıq V&A South Kensington muzeyində yerləşən “Design 1900-Now” qalereyasında nümayiş etdirilir.

Mənbə: TrtHaber
