Bugun.tv xəbər verir ki, alimlər Misirdə təxminən 45 milyon il əvvələ aid timsah fosilini yenidən araşdıraraq onun yeni bir cinsə aid olduğunu müəyyənləşdiriblər.
Tədqiqatçılar təxminən bir əsr əvvəl aşkar edilmiş kəlləni kompüter tomoqrafiyası ilə yenidən tədqiq ediblər. Fosil Misirdəki Mokattam geoloji layından tapılıb. Məhz Böyük Giza Sfinksinin də yonulduğu əhəngdaşı təbəqəsi bu ərazidə yerləşir.
Maraqlı məqam ondan ibarətdir ki, fosilin kəlləsində burun hissəsinin ucu yoxdur. Bu xüsusiyyət Böyük Sfinksin itmiş burnu ilə oxşarlıq yaradıb.
Misir, Böyük Britaniya, İsveç və Almaniyadan olan alimlər heyvanı Herugavialis cairensis adlandırıblar. Tədqiqatın nəticələri Royal Society Open Science jurnalında dərc olunub. Bu heyvan ilk dəfə 1927-ci ildə başqa bir cinsə aid edilərək təsvir edilmişdi.

Yeni araşdırma kəllənin quruluşunda və heyvanın təkamül əlaqələrində mühüm fərqlər olduğunu ortaya çıxarıb. Bu nəticələr alimləri növü ayrıca cins kimi təsnif etməyə vadar edib.
Tədqiqatçılar bildirirlər ki, belə fosillərin öyrənilməsi qədim timsahların Aralıq dənizi ətrafında necə yayıldığını və sonradan niyə yoxa çıxdığını anlamağa kömək edə bilər.
Mənbə: Euronews
