Azərbaycanın müstəqillik yolunda yaşadığı ən ağır faciələrdən biri olan Xocalı qətliamının 34-cü ildönümü qeyd olunur.
26 fevral 1992-ci ildə Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində qadın, uşaq və yaşlı fərqi qoyulmadan yüzlərlə azərbaycanlı mülki şəxs qətlə yetirilib.
Həmin dövrdə 11 minə yaxın əhalisi olan və strateji əhəmiyyət daşıyan – bölgənin yeganə hava limanına sahib Xocalı şəhəri 1991-ci ilin sonlarından etibarən mühasirəyə alınmışdı. 25-dən 26 fevrala keçən gecə Sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə şəhərə üç istiqamətdən hücum edilib.

Rəsmi məlumatlara görə, 613 nəfər həyatını itirib. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i isə yaşlı olub. 487 nəfər ağır yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfərdən isə hələ də xəbər yoxdur. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Azərbaycan tərəfi Xocalıda baş verənləri beynəlxalq hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması kimi qiymətləndirir.
Azərbaycan Parlamenti hadisəni “soyqırım” elan edib. Avropa İnsan Hüquqları Məhkəməsinin 22 aprel 2010-cu il tarixli qərarında isə Xocalıda baş verənlər müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə bərabər əməllər kimi dəyərləndirilib.
2020-ci ildə başa çatan Vətən müharibəsindən sonra Qarabağda yeni reallıq formalaşsa da, Xocalı faciəsinin ağrısı Azərbaycan cəmiyyətində bu gün də yaşayır.


Mənbə: TrtHaber
