Alimlər Ayın “maria” adlanan qaranlıq bazalt düzənliklərindəki fay silsilələrinin ilk qlobal xəritəsini hazırlayaraq, bu bölgələrdə tektonik aktivliyin gözləniləndən daha geniş yayıldığını müəyyən ediblər.
Tədqiqat nəticələrinə görə, bəzi fay xətləri geoloji baxımdan nisbətən yaxın dövrə — cəmi bir neçə on milyon il əvvələ aiddir.
Məlumatlar göstərir ki, Ay bütövlükdə tədricən soyumağa və kiçilməyə davam edir. Bu proses quruyan almanın qabığının büzüşməsinə bənzər şəkildə səthdə qırışıqlar və çatlar yaradır.
Tədqiqatçılar NASA-nın Ay Orbital Kəşfiyyat Aparatından (LRO) əldə edilən yüksək keyfiyyətli görüntülər əsasında əvvəllər qeydə alınmamış 1 114 yeni fay seqmenti aşkarlayıblar. Bununla da Ay üzrə ümumi seqmentlərin sayı 2 634-ə çatıb.
Araşdırmaya əsasən, bu fayların yaşı təxminən 310 milyon ildən 50 milyon ilədək dəyişir. Alimlər bildirirlər ki, Ay Yer kimi tektonik plakalara malik olmasa da, daxili quruluşunun soyuması səbəbindən seysmik aktivlik davam edir.
Mütəxəssislər xüsusilə dayaz Ay zəlzələlərinin gələcək Ay missiyaları və mümkün uzunmüddətli bazalar üçün risk yarada biləcəyini vurğulayırlar.
Mənbə: TrtHaber
