Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları zamanı baş tutub.
Dan Yorgensen dövlət başçısının sözügedən tədbirlərin açılışındakı çıxışının onlarda dərin təəssürat yaratdığını bildirib. O, bugünkü iclasın mühüm əhəmiyyət daşıdığını qeyd edərək, Azərbaycanla tərəfdaşlığın Avropa Komissiyası üçün önəmli olduğunu və bu əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb. Komissar həyata keçirilən əməkdaşlığa görə təşəkkürünü ifadə edib.
Prezident İlham Əliyev isə Kaya Kallasın və Marta Kosun ötən il ölkəmizə səfərlərini xatırladaraq, heyətlər arasında fəal işin enerji və bağlantı məsələlərində əməkdaşlığın dərinləşdirilməsinə dair qarşılıqlı iradənin göstəricisi olduğunu bildirib.
Görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə xüsusi vurğulanıb, ölkəmizin Avropa bazarında ixrac coğrafiyasının genişləndirilməsi, eləcə də təbii qaz və yaşıl enerji sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Mənbə: prezident.az
