Pakistan İslam Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova telefonla zəng edib.
Bugun.tv xəbər verir ki, bu barədə məlumatı Pakistanın Azərbaycandakı səfirliyi yayıb.
Söhbət zamanı tərəflər regionda yaranmış gərgin vəziyyət və son hadisələr ətrafında fikir mübadiləsi aparıblar.
Pakistan tərəfi Azərbaycanın ərazisinə həyata keçirildiyi bildirilən dron hücumu ilə bağlı dərin narahatlığını ifadə edib. Bildirilib ki, bölgədə vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək bu cür addımlar qəbuledilməzdir və regional sabitliyə ciddi təhdid yaradır.
Telefon danışığı zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov məsələ ilə bağlı mövqeyini diqqətə çatdırıb. Nazir bildirib ki, Azərbaycan tərəfi İran tərəfindən baş verən hadisə ilə bağlı qısa müddət ərzində aydınlıq gətirilməsini və müvafiq izahat verilməsini gözləyir.
Qeyd olunub ki, bu kimi insidentlərin qarşısının alınması regionda təhlükəsizliyin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Tərəflər vəziyyətin diqqətlə izlənildiyini və diplomatik kanallar vasitəsilə müzakirələrin davam etdirildiyini vurğulayıblar.
Telefon danışığı zamanı nazirlər Azərbaycan və Pakistan arasında qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıblar. Tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə ediblər və əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə ümidvar olduqlarını bildiriblər.
Mənbə: Xarici İşlər Nazirliyi
