Maraqlı faktlar

Xoşagəlməz insanlarla ünsiyyət qocalmanı sürətləndirə bilər

Konflikt, ailə konflikti

Amerikalı alimlərin apardığı araşdırmaya görə, xoşagəlməz və problem yaradan insanlarla tez-tez ünsiyyət insanın bioloji qocalma prosesini sürətləndirə bilər.

Məlumatı The Washington Post nəşri Proceedings of the National Academy of Sciences jurnalında dərc olunan tədqiqata istinadən yayıb. Araşdırmaya əsasən, insanın ətrafında müntəzəm ünsiyyət qurmalı olduğu hər bir “çətin insan” bioloji qocalmanı təxminən 1,5 faiz sürətləndirir.

Tədqiqatçılar “qıcıqlandırıcı insanlar” anlayışını həyatımızı çətinləşdirən və problemlər yaradan şəxslər kimi xarakterizə ediblər. Araşdırma göstərib ki, xüsusilə qadınlar və sağlamlıq vəziyyəti zəif olan şəxslər ətraflarında belə insanların daha çox olduğunu bildirirlər.

Araşdırma çərçivəsində Indiana, ABŞ ştatında 2000-dən çox insanın məlumatları toplanıb. İştirakçılardan son altı ay ərzində digər insanlarla münasibətləri barədə sualları cavablandırmaq və ümumi sağlamlıq vəziyyətlərini qiymətləndirmək xahiş olunub.

Daha sonra alimlər iştirakçıların tüpürcək nümunələrini analiz edərək hüceyrə səviyyəsində qocalmanı göstərən DNT dəyişikliklərini yoxlayıblar. Nəticələr iştirakçıların ətrafında xoşagəlməz insanların olub-olmaması barədə məlumatlarla müqayisə edilib.

Nəticələr göstərib ki, ətrafda belə bir insanın olması qocalma sürətini artırır. Məsələn, ətrafında ən azı bir “çətin insan” olan şəxs bir təqvim ili ərzində təxminən 1,015 il bioloji yaşlanma yaşayır. İki və daha çox belə insanla ünsiyyət isə bu təsiri daha da gücləndirir.

Bria Perry, Indiana University Bloomingtonda sosiologiya professoru və tədqiqatın həmmüəllifi bildirib ki, belə münasibətlər xroniki xəstəliklərin daha erkən yaranmasına səbəb ola bilər.

Araşdırmanın aparıcı müəllifi, New York Universitynin dosenti Byungkyu Lee isə qeyd edib ki, bu tədqiqat xoşagəlməz insanlarla ünsiyyətin qocalmanın birbaşa səbəbi olduğunu tam sübut etmir.

Alimlər həmçinin bildiriblər ki, dostluq münasibətləri əksinə, hüceyrə səviyyəsində qocalma prosesini ləngidə bilər. Buna görə də mümkün qədər stress yaradan insanlardan uzaq durmaq və dəstək verən insanlarla ünsiyyəti artırmaq tövsiyə olunur.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Günortadan sonra enerjiniz tükənirsə – 6 məhsul sizi canlandıracaq

Aynur Camal

8 Martda hansı çiçəkləri hədiyyə etməmək lazımdır – allergoloq xəbərdarlıq edir

Aynur Camal

Braziliya təbiəti qorumaq üçün yürüyüş yollarına sərmayə yatırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu