İranın paytaxtı Tehran şəhərində ölkənin yeni lideri seçilən Müctəba Xamenei üçün “beyət mitinqi” təşkil olunub.
Məlumata görə, mitinq İnqilab meydanında baş tutub. On minlərlə insanın qatıldığı tədbirdə iştirakçılar ABŞ, İsrail və Böyük Britaniyaya qarşı şüarlar səsləndirib, yeni liderə dəstək ifadə ediblər.
Mitinq zamanı “Allahu Əkbər, Xamenei rəhbərdir”, “İntiqam, intiqam”, “Xamenei ikinci Xomeynidir” kimi şüarlar səsləndirilib. İştirakçıların əllərində əvvəlki lider Əli Xamenei və yeni lider Müctəba Xameneinin posterlərinin olduğu müşahidə olunub.
Tədbir zamanı ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb. Miting keçirilən ərazidə mobil rabitə və internetdə müəyyən fasilələrin yarandığı bildirilib.
Mitinq iştirakçısı Hüseyn Əkbəri bildirib ki, Müctəba Xameneinin ölkə lideri seçilməsi onları sevindirib: “Bu seçim ABŞ və İsrailə vurulmuş bir sillədir. Bu nizam uğrunda son damla qanımıza qədər mübarizə aparacağıq”.
Digər iştirakçı Həbibə Qaffari isə yeni liderə tam dəstək verdiklərini qeyd edərək bildirib ki, müsəlmanların birlikdə hərəkət etməsi vacibdir. Onun sözlərinə görə, İslamı qorumaq üçün həmrəylik lazımdır.
Mitinqə qatılan Efsanə Rəzzəqiyan da Müctəba Xameneinin lider seçilməsini məmnunluqla qarşıladıqlarını deyib. O qeyd edib ki, ölkə yeni liderin ətrafında birləşəcək və İranın mübarizəsini davam etdirəcək.
Digər iştirakçı Davud Məhəmmədpur isə ABŞ və İsraildən “intiqam alınacağını” bildirərək müsəlmanların birlik və həmrəylik nümayiş etdirməsinin vacibliyini vurğulayıb.
73 yaşlı təqaüdçü Əhməd Rəziyi isə bildirib ki, iranlılar vaxtilə Ruhullah Xomeyninin arxasınca getdikləri kimi, bundan sonra da yeni liderin arxasınca gedəcəklər.
Qeyd edək ki, Müctəba Xamenei İranın əvvəlki ali dini lideri Əli Xameneinin oğludur.
Mənbə: TrtHaber
