Belçikanın qida inqrediyentləri istehsalçısı Puratos və ABŞ-ın qida texnologiyaları startapı California Cultured laboratoriya şəraitində yetişdirilən kakaodan şokolad hazırlamaq üçün əməkdaşlıq etdiklərini açıqlayıblar.
Şirkətlər layihənin uğurlu olması halında məhsulun sənaye miqyasında istehsalına 2026-cı ilin sonuna qədər başlamağı planlaşdırır.
Bildirilir ki, California Cultured artıq kakaonun laboratoriya şəraitində yetişdirilməsi texnologiyasını hazırlayıb. Bu proses zamanı kakaо ağaclarından götürülən hüceyrə nümunələri xüsusi qida mühitində yetişdirilir və bir neçə gün ərzində şokolad istehsalı üçün lazım olan xammal əldə olunur.
Şirkət nümayəndələri qeyd ediblər ki, istehsal prosesinin özü nisbətən sürətli olsa da, sənaye miqyasında istehsal xəttinin yaradılması ən azı altı ay vaxt tələb edir. Layihə uğurla həyata keçirilərsə, laboratoriyada yetişdirilən kakao iqlim dəyişikliklərindən asılı olmayan alternativ xammal kimi təqdim edilə bilər.
Bununla belə, mütəxəssislər bildirirlər ki, layihə bir sıra çətinliklərlə üzləşə bilər. Bunlara məhsulun hüquqi tənzimlənməsi, istehlakçıların yeni məhsulu necə qəbul edəcəyi və istehsal xərclərinin yüksək olması daxildir. Hazırda laboratoriyada yetişdirilən kakaodan hazırlanan şokolad ənənəvi məhsulla müqayisədə daha bahadır.
Əgər layihə uğurla həyata keçirilərsə, bu, illik dövriyyəsi təxminən 123 milyard dollar olan qlobal şokolad sənayesinə ciddi təsir göstərə bilər. Ekspertlər qeyd edirlər ki, bu dəyişiklik xüsusilə Qərbi Afrikada fəaliyyət göstərən kiçik kakao fermalarına təsir edə bilər.
Mənbə: mail.ru
