10 C
Baku
12 Mart 2026, 18:13
Dünya

Müharibənin görünməyən qurbanları: BƏƏ-də minlərlə ev heyvanı küçələrdə qalıb

Yaxın Şərqdə yaranmış gərginlik və müharibə səbəbindən bölgəni tərk edən minlərlə insan ev heyvanlarını geridə qoymaq məcburiyyətində qalıb. Nəticədə Birləşmiş Ərəb Əmirliklərində minlərlə pişik və it küçələrdə sahibsiz qalıb və sığınacaqlar ciddi böhranla üz-üzədir.

Xarici KİV-lərin məlumatına görə, son günlər regiondan on minlərlə xarici vətəndaş təxliyə edilib. Onların arasında təxminən 45 min nəfər Birləşmiş Krallıq vətəndaşı da var. İnsanlar ölkəni tələsik tərk etdiyindən bir çoxu ev heyvanlarını özləri ilə aparmağa imkan tapmayıb.

Heyvanların müdafiəsi ilə məşğul olan təşkilatlar bildirirlər ki, tərk edilən ev heyvanlarının çoxu əvvəllər ailələr tərəfindən saxlanılıb. Onların bəzilərində mikroçiplər var və baxımlı olduqları görünür, lakin sahibləri ölkəni tərk etdikdən sonra bu heyvanlar sahibsiz qalıb.

Bölgənin ən köhnə it sığınacaqlarından biri olan K9 Friends vəziyyətin kritik olduğunu açıqlayıb. Təşkilatın nümayəndələri bildirirlər ki, son həftələrdə sığınacaqlara gətirilən sahibsiz heyvanların sayı kəskin artıb və mövcud resurslar artıq kifayət etmir.

Eyni vəziyyət küçə pişiklərinin xilas edilməsi ilə məşğul olan Dubai Street Kitties təşkilatında da müşahidə olunur. Könüllülər bildirirlər ki, sığınacaqlarda hər yer doludur və hər gün yaralı və ya tərk edilmiş heyvanlarla bağlı yeni müraciətlər daxil olur.

Heyvan hüquqları üzrə mütəxəssislər bildirirlər ki, ev heyvanları böhran və müharibə vəziyyətlərində “görünməyən qurbanlar”a çevrilir. RSPCA təşkilatının nümayəndəsi Hannah Mayns qeyd edib ki, ev heyvanları tamamilə sahiblərindən asılıdır və onların birdən-birə yoxa çıxmasının səbəbini anlamırlar.

Sığınacaqların əməkdaşları bildirirlər ki, bəzi insanlar heyvanlarını mənzillərdə susuz və qidasız qoyur, bəziləri isə onları yol kənarına və ya sığınacaq qapılarına bağlayaraq tərk edir.

Bu problemin qarşısını almaq üçün Dubay bələdiyyəsi sahibsiz heyvanlara yem verilməsi üçün xüsusi məntəqələr yaradıb. Bu məntəqələrdə süni intellekt texnologiyası vasitəsilə heyvanların sayına nəzarət edilir və yem ehtiyatı vaxtında yenilənir.

Qeyd edək ki, BƏƏ qanunlarına görə ev heyvanını tərk etmək qadağandır. 2022-ci ildə qüvvəyə minmiş qanunvericiliyə əsasən heyvana ciddi zərər verən şəxslər 10 min dirhəmə qədər cərimə və ya bir ilə qədər həbs cəzası ala bilər. Lakin müharibə səbəbindən ölkəni tərk edən şəxslərin məsuliyyətə cəlb edilməsi praktik olaraq çətinləşib.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

İranın yeni lideri Mücteba Hamaney ilk açıqlamasını verdi

Aynur Camal

Kremlin: Kiev müzakirə prosesini əngəlləmə mövqeyini davam etdirir

Aynur Camal

Makron martın 13-də Parisdə Zelenskini qəbul edəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu