Siyasi ekspert Məhəmməd Əsədullazadə sosial media hesabında Yaxın Şərqdə gərginliyin daha təhlükəli mərhələyə keçə biləcəyi ilə bağlı diqqətçəkən açıqlama paylaşıb.
Ekspertin sözlərinə görə, İsrailin Tehranda kimyəvi silahdan istifadə ehtimalı istisna olunmur. O bildirib ki, bu addım İran silahlı qüvvələrini zəiflətmək və ölkəni tam iflic vəziyyətinə salmaq məqsədi daşıya bilər.
Məhəmməd Əsədullazadə qeyd edib ki, İsrailin baş naziri Benyamin Netanyahu bu istiqamətdə maraqlı tərəf kimi çıxış edir və ABŞ Prezidenti Donald Trump tərəfindən belə bir addıma razılıq verilməsi də mümkündür.
Analitik əlavə edib ki, İsrail artıq mülki infrastruktura zərbələri artıraraq Tehranı Qəzza kimi yaşayış üçün əlverişsiz vəziyyətə salmaq planını növbəti mərhələdə daha da intensivləşdirə bilər.
Onun fikrincə, neft və qaz infrastrukturunun hədəfə alınması müharibənin yeni və daha təhlükəli mərhələyə keçdiyini göstərir. Ekspert vurğulayıb ki, Netanyahu hazırda atəşkəs və danışıqlarda maraqlı görünmür.
Məhəmməd Əsədullazadə bildirib ki, İranda real gücün SEPAH-ın nəzarətinə keçməsi fonunda qarşı tərəfin də “çirkli bomba” kimi təhlükəli vasitələrdən istifadə ehtimalı artır.
Ekspert xəbərdarlıq edib ki, qarşılıqlı məhv etmə taktikası regionda genişmiqyaslı ekoloji fəlakətə səbəb ola bilər.
