2026-cı il üzrə “Dünya Xoşbəxtlik Hesabatı”nın nəticələri açıqlanıb və siyahıya yenidən Skandinaviya ölkələri liderlik edib.
Hesabata əsasən, Finlandiya ardıcıl 9-cu dəfə dünyanın ən xoşbəxt ölkəsi seçilərək 1-cilik əldə edib.
Onu 2-ci və 3-cü yerdə İslandiya və Danimarka izləyir. Beləliklə, ilk üçlük tamamilə Şimali Avropa ölkələrindən ibarət olub.
Reytinq Oksford Universitetinin Rifah Tədqiqat Mərkəzi tərəfindən hazırlanıb və hər il dünya ölkələrində həyat məmnuniyyətini ölçən geniş sorğu əsasında tərtib edilir.
İlk onluqda həmçinin Kosta Rika (4-cü yer), İsveç (5-ci), Norveç (6-cı), Hollandiya (7-ci), İsrail (8-ci), Lüksemburq (9-cu) və İsveçrə (10-cu) yer alıb.
Məlumata görə, ABŞ 23-cü, Kanada 25-ci, Böyük Britaniya isə 29-cu pillədə qərarlaşıb. Bununla da ikinci ildir ki, ingilisdilli ölkələrdən heç biri ilk onluğa düşə bilmir.
Reytinq “Gallup World Poll” sorğusu əsasında 148 ölkədə aparılan araşdırmaya əsaslanır. İştirakçılar həyatlarını 0-dan 10-a qədər şkala üzrə qiymətləndirirlər. Bundan əlavə, adambaşına düşən gəlir, ömür uzunluğu, sosial dəstək, azadlıq və korrupsiya səviyyəsi kimi amillər də nəzərə alınır.
Hesabatda diqqət çəkən məqamlardan biri gənclər arasında xoşbəxtlik səviyyəsinin azalması olub. Xüsusilə ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiya kimi ölkələrdə 25 yaşdan aşağı şəxslər arasında həyat məmnuniyyətinin son 10 ildə əhəmiyyətli dərəcədə azaldığı qeyd edilib.
Mütəxəssislər bu tendensiyanın əsas səbəblərindən biri kimi sosial mediadan həddindən artıq istifadəni göstərirlər. Bununla yanaşı, hesabatda vurğulanır ki, internetdən istifadə tamamilə mənfi deyil və düzgün istifadə olunduqda sosial əlaqələri gücləndirə bilər.
Siyahının sonunda isə Əfqanıstan yer alır. Onu Syerra-Leone və digər Afrika ölkələri izləyir.
Ekspertlər bildirirlər ki, Skandinaviya ölkələrinin uğurunun əsas səbəbləri güclü sosial təminat sistemi, yüksək etimad mühiti və cəmiyyət daxilində əməkdaşlıq mədəniyyətidir.
Mənbə: CNN
