Bugun.Tv xəbər verir ki, noyabrın 2-dən 5-dək Avropanın müxtəlif ölkələrində ən azı 22 sərnişin təyyarəsinə bomba qoyulması ilə bağlı hədələr daxil olub. Hadisələr bir sıra hava limanlarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə, reyslərin istiqamətinin dəyişdirilməsinə və hərbi təyyarələrin havaya qaldırılmasına səbəb olub.
Anadolu Agentliyinin məlumatına görə, hədələr “Ryanair”, “Wizz Air”, “LOT Polish Airlines”, “Finnair”, “Aer Lingus” və digər aviaşirkətlərin uçuşlarına yönəlib. İnsidentlər İspaniya, Polşa, Bolqarıstan, İtaliya, Fransa, Çexiya və başqa Avropa ölkələrində qeydə alınıb.
Dublin-Roma reysi Fransada hərbi aerodroma yönləndirilib
Noyabrın 5-də baş verən hadisələrdən biri İrlandiyanın Dublin şəhərindən İtaliyanın paytaxtı Romaya uçan “Aer Lingus” aviaşirkətinin təyyarəsi ilə bağlı olub. Təyyarəyə bomba hədəsi daxil olduqdan sonra Fransa hakimiyyətinin göstərişi ilə Normandiyadakı Evre şəhəri yaxınlığında yerləşən hərbi aerodroma yönləndirilib. Təyyarədəki 151 sərnişin və 6 ekipaj üzvünün təhlükəsiz şəkildə yerə endiyi bildirilib.
Həmin gün Bolqarıstana uçan üç “Ryanair” təyyarəsini hərbi qırıcılar müşayiət edib. Çexiyanın Praqa hava limanına gələn dörd təyyarə ilə bağlı da təhlükəsizlik tədbirləri görülüb.
Associated Press-in məlumatına görə, indiyədək aparılan yoxlamalarda partlayıcı və ya şübhəli əşya aşkarlanmayıb. Hədələri kimin göndərdiyi və hadisələrin bir-biri ilə əlaqəli olub-olmadığı isə araşdırılır.
Mənbələr: Anadolu Agentliyi
