Səhiyyə

Meteohəssaslıq: real xəstəlikdir, yoxsa psixoloji təsir? – Həkim izah edir

Havanın dəyişməsi ilə özünü pis hiss edən insanların sayı az deyil. Baş ağrısı, halsızlıq, təzyiqin qalxması kimi hallar tez-tez “meteohəssaslıq” kimi izah olunur.

Bəs bu hal həqiqətən mövcuddur, yoxsa daha çox psixoloji təsirdir?

Mütəxəssislərin sözlərinə görə, müasir tibbdə hava şəraitinin insan orqanizminə təsiri qismən təsdiqlənir. Araşdırmalar göstərir ki, maqnit qasırğaları ilə ürək ritmində pozuntular, arterial təzyiqin dəyişməsi və miqren kimi hallar arasında zəif də olsa əlaqə mövcuddur. Bu təsir əsasən maqnit sahəsindəki dəyişikliklərin sinir sistemi və bioloji ritmlərə təsiri ilə izah olunur.

Bununla belə, alimlər qeyd edir ki, bu təsir əksər hallarda zəif olur və sağlam insanlarda ciddi narahatlıq yaratmaya bilər. Bir çox hallarda isə insanlar əvvəlcədən özlərini pis hiss edəcəklərinə inandıqları üçün simptomlar psixoloji olaraq ortaya çıxır. Bu hal tibbdə “nocebo effekti” kimi tanınır.

Həkimlər bildirir ki, meteohəssaslıq xüsusilə xroniki xəstəlikləri olan insanlar üçün daha аktualdır. Risk qrupuna yüksək təzyiqdən əziyyət çəkənlər, ürək-damar xəstəlikləri olanlar, aritmiyadan şikayət edənlər, həmçinin infarkt və insult keçirmiş şəxslər daxildir. Yaşlı insanlar və hormonal dəyişikliklər yaşayan qadınlar da daha həssas hesab olunur.

Statistik məlumatlara əsasən, əlverişsiz günlərdə baş ağrısı və miqren halları 10–32 faiz arta bilər. Eyni zamanda təzyiq sıçrayışları, ürəkdöyünmə, yuxusuzluq və ümumi zəiflik kimi əlamətlər də müşahidə olunur.

Araşdırmalar göstərir ki, güclü maqnit qasırğaları zamanı xəstəxanalara müraciətlər də artır. Ürək-damar xəstəlikləri ilə bağlı hospitalizasiya halları 1,5–2 dəfə yüksəlir, infarkt riski isə iki dəfədən çox arta bilər.

Mütəxəssislər belə hallarda profilaktikanın vacib olduğunu vurğulayır. Xroniki xəstəliyi olan şəxslər dərmanlarını mütəmadi qəbul etməli, kifayət qədər yatmalı və düzgün qidalanmalıdır. Kalium və maqneziumla zəngin qidalar, yüngül fiziki aktivlik və stressin azaldılması da faydalıdır.

Həkimlər həmçinin qeyd edir ki, simptomlar gücləndikdə mütləq təzyiq ölçülməli və lazım gəldikdə həkimə müraciət olunmalıdır. Özünü pis hiss etməyi yalnız hava ilə əlaqələndirmək əvəzinə, əsas səbəbləri araşdırmaq daha düzgün yanaşma hesab olunur.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Gündə neçə fincan çay içmək təhlükəsizdir?

Aynur Camal

“Faydalı” qida əlavəsi xərçəng hüceyrələrini qidalandıra bilər – yeni araşdırma

Aynur Camal

Mütəxəssis: “Pəhrizlər çox vaxt effekt vermir və orqanizmə stress yaradır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu