Kuba rəsmiləri ABŞ tərəfindən mümkün hərbi təhdidlər fonunda ölkənin müdafiə hazırlıqlarını gücləndirdiyini bəyan edib.
Kuba xarici işlər nazirinin müavini Carlos Fernandez de Cossio NBC News-a açıqlamasında bildirib ki, ölkəsi ABŞ üçün “heç bir təhlükə yaratmır” və buna görə də tətbiq olunan embarqo və hərbi təhdidlərin əsaslı səbəbi yoxdur.
Diplomat qeyd edib ki, Kuba Silahlı Qüvvələri mümkün hücum ehtimalına qarşı daim hazır vəziyyətdədir: “Ordumuz hər zaman hazırdır. Hazırda da ehtimal olunan hərbi ssenarilərə qarşı hazırlıqlar davam edir. Belə bir hücum ehtimalını uzaq hesab etsək də, buna hazırlaşmamaq sadəlövhlük olar”.
Rəsmi Havana eyni zamanda dialoqa açıq olduğunu vurğulayıb və ABŞ ilə danışıqlara hazır olduğunu bildirib.
Kuba tərəfi ABŞ-ın tətbiq etdiyi iqtisadi məhdudiyyətlərin ölkəyə ciddi təsir etdiyini də diqqətə çatdırıb. Rəsmilər ümid etdiklərini bildiriblər ki, bu embarqo uzunmüddətli olmayacaq.
Ölkədə enerji böhranı da davam edir. Kuba prezidenti Miguel Diaz-Canel daha əvvəl açıqlamasında bildirmişdi ki, ölkə təxminən üç aydır xaricdən neft ala bilmir və enerji sistemi əsasən günəş enerjisi, təbii qaz və mövcud istilik elektrik stansiyaları hesabına işləyir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trump yanvar ayında Kubaya neft təmin edən ölkələrə qarşı əlavə gömrük rüsumları tətbiq olunmasını nəzərdə tutan qərar imzalayıb. Ağ Ev bu addımın ABŞ-ın milli təhlükəsizlik maraqlarını qorumağa yönəldiyini açıqlayıb.
Mənbə: TrtHaber
