Böyük Britaniyada hökumət tərəfindən təqdim olunan yeni tövsiyələrə əsasən, 5 yaşdan kiçik uşaqların gündəlik ekran qarşısında keçirdiyi vaxt maksimum 1 saatla məhdudlaşdırılmalıdır.
Qərar uşaqların sağlam inkişafını qorumaq və valideynlərə daha aydın istiqamət vermək məqsədi daşıyır.
Tövsiyələrə görə, xüsusilə 2 yaşdan kiçik uşaqlar üçün ekran istifadəsindən mümkün qədər uzaq durmaq məsləhət görülür. Yalnız valideynlə birgə həyata keçirilən və qarşılıqlı ünsiyyəti artıran fəaliyyətlər istisna təşkil edir. Mütəxəssislər bildirir ki, erkən yaşlarda həddindən artıq ekran istifadəsi uşaqların dil inkişafına, yuxu rejiminə və fiziki aktivliyinə mənfi təsir göstərə bilər.
Sənədi hazırlayan ekspertlər qrupu qeyd edir ki, uşaqların uzun müddət təkbaşına ekran qarşısında qalması onların yaradıcılıq qabiliyyətlərini və sosial bacarıqlarını zəiflədir. Bu səbəbdən valideynlərə alternativ fəaliyyətlər – kitab oxumaq, stolüstü oyunlar, rəngləmə və birgə vaxt keçirmək tövsiyə olunur.
Böyük Britaniyanın Baş naziri Keir Starmer bildirib ki, rəqəmsal dövrdə valideynlər üçün düzgün balansı tapmaq çətindir və hökumət bu məsələdə ailələri dəstəkləməyə davam edəcək.
Eyni zamanda, hökumət 16 yaşdan kiçiklər üçün sosial media istifadəsinə əlavə məhdudiyyətlər tətbiq etməyi də nəzərdən keçirir. Ekspertlər hesab edir ki, bu addımlar uşaqların sağlam psixoloji və sosial inkişafına müsbət təsir göstərə bilər.
Mənbə: The Guardian
