Siyasi ekspert Məhəmməd Əsədullazadə sosial media hesabında ABŞ-İran gərginliyi və əldə olunan atəşkəs barədə diqqətçəkən fikirlər səsləndirib.
Ekspert bildirib ki, ABŞ İranı kapitulyasiya sənədinə imza atmağa məcbur edə bilməyib və tərəflər eyni statusda danışıqlar masasına əyləşiblər. Onun sözlərinə görə, ortada açıq qalib yoxdur.
Əsədullazadə qeyd edib ki, daha əvvəl İctimai TV-yə verdiyi açıqlamada Donald Trumpın İranla bağlı sərt bəyanatlarının əsasən təzyiq xarakterli olduğunu vurğulayıb. O, ABŞ-ın İrana ölümcül zərbələr endirməyəcəyini və paralel olaraq konfidensial danışıqların getdiyini də qeyd etdiyini xatırladıb.
Ekspertin fikrincə, ABŞ-ın İranın mülki infrastrukturuna genişmiqyaslı zərbələr endirməsi Vaşinqtonun beynəlxalq imicinə ciddi zərər vura bilərdi. Bu səbəbdən də hərbi ssenaridən çəkinildiyi ehtimal olunur.
O əlavə edib ki, İran Pakistan və Böyük Britaniyanın təsiri ilə Hörmüz boğazını açmağa razılaşıb. Hazırda tərəflər ABŞ-ın 15, İranın isə 10 maddəlik təklifləri əsasında danışıqları davam etdirir.
Əsədullazadə hesab edir ki, hər iki tərəf özünü qalib kimi təqdim etsə də, reallıqda vəziyyət daha mürəkkəbdir. İran ciddi zərbələr alsa da, rejim mövcudluğunu qoruyub və ABŞ-la eyni səviyyədə danışıqlara qatılıb. ABŞ isə hərbi üstünlük əldə etsə də, İranı tam geri çəkilməyə məcbur edə bilməyib.
Ekspert həmçinin qeyd edib ki, regionda baş verən hadisələr nəticəsində İsrailin “toxunulmazlıq” imici də zədələnib və Yaxın Şərqdə qüvvələr balansında yeni mərhələ başlayıb.
