ABŞ-da keçirilən rəy sorğusu ölkə ictimaiyyətinin böyük hissəsinin prezident Donald Trumpın İrana münasibətdə apardığı siyasəti dəstəkləmədiyini göstərib.
CBS News və YouGov tərəfindən 8–10 aprel tarixlərində 2 388 yetkin amerikalı arasında aparılan sorğunun nəticələrinə əsasən, respondentlərin yalnız 36 faizi Trampın İran siyasətini bəyəndiyini bildirib. Sorğuda iştirak edənlərin 64 faizi isə bu yanaşmanı dəstəkləmədiyini qeyd edib.
Araşdırma göstərir ki, iştirakçıların əksəriyyəti ABŞ/İsrail–İran qarşıdurması ilə bağlı mənfi emosiyalar yaşayır. Belə ki, respondentlərin 68 faizi özünü “narahat”, 58 faizi “stressli”, 54 faizi isə “qəzəbli” hiss etdiyini bildirib. Yalnız 32 faiz iştirakçı özünü “təhlükəsiz” və vəziyyətdən “əmin” hesab edib.
Sorğuda iştirak edənlərin 87 faizi ABŞ üçün əsas prioritetin Hörmüz boğazı üzərindən neft tədarükünün təmin olunması olduğunu qeyd edib. Eyni zamanda, respondentlərin 70 faizi İranın nüvə proqramının tam dayandırılmasını vacib sayır.
Bununla belə, sorğu nəticələri göstərir ki, ictimaiyyət bu hədəflərə hələ nail olunmadığını düşünür. İştirakçıların 58 faizi neft tədarükünün təmin edilmədiyini, 49 faizi isə İranın nüvə proqramının dayandırılmadığını bildirib.
Ümumilikdə isə respondentlərin 59 faizi ABŞ/İsrail–İran münaqişəsinin gedişatını Vaşinqton üçün “pis” və ya “qismən pis” qiymətləndirib.
Bundan əlavə, sorğuda iştirak edənlərin 62 faizi Trampın İranla bağlı aydın planının olmadığını düşünür, 66 faizi isə administrasiyanın məqsədlərini ictimaiyyətlə açıq şəkildə bölüşmədiyini qeyd edib.
Mənbə: TrtHaber
