Beynəlxalq Valyuta Fondu (BVF) xəbərdarlıq edib ki, İran müharibəsinin daha da şiddətlənməsi qlobal iqtisadi tənəzzül, inflyasiyanın artması və maliyyə bazarlarında kəskin dalğalanmalara yol aça bilər.
BVF-nin yarımillik hesabatına əsasən, Yaxın Şərqdə davam edən münaqişə artıq dünya iqtisadi artım proqnozlarına mənfi təsir göstərib və 2026-cı il üçün göstəricilər aşağı salınıb.
Fondun qiymətləndirməsinə görə, enerji qiymətlərinin artması və tədarük zəncirlərində yaranan pozuntular xüsusilə xalis enerji idxalçısı olan ölkələrə ciddi təsir edir.
BVF bildirir ki, daha ağır ssenaridə Hörmüz boğazının uzunmüddətli bağlanması neft və qaz qiymətlərini yüksək səviyyədə saxlayaraq qlobal iqtisadiyyatı “tənəzzülə yaxın vəziyyətə” sala bilər.
Hesabatda qeyd olunur ki, münaqişənin uzanması halında qlobal iqtisadi artım kəskin şəkildə zəifləyə, inflyasiya isə 5 – 6% səviyyəsinə qədər yüksələ bilər.
BVF ekspertləri həmçinin ölkələri münaqişənin iqtisadi təsirlərinə qarşı koordinasiyalı və məqsədyönlü tədbirlər görməyə də çağırıb.
Mənbə: The Guardian
