13 C
Baku
15 Aprel 2026, 13:43
Digər

100 avroluq lotereyada 1 milyon avroluq Pikasso əsəri qazandı

Xeyriyyə məqsədilə təşkil edilən lotereyada 100 avro ödəyərək iştirak edən bir şəxs dəyəri 1 milyon avrodan çox olan məşhur rəssam Pablo Picasso-nun orijinal əsərinin sahibi olub.

Mühəndis və incəsənət həvəskarı Ari Hodara Christie’s hərrac evindən gələn görüntülü zəngi cavablandırarkən qalib olduğunu öyrənib.

İspan ustanın 1941-ci ilə aid əsərinə sahib olduğunu eşidən Hodara təəccübünü gizlədə bilməyərək, “Bunun zarafat olmadığını haradan bilim?” deyə reaksiya verib.

120 mindən çox iştirakçı

Təşkilatçılar bildiriblər ki, hər biri 100 avro olan biletlərə dünya üzrə 120 mindən çox insan maraq göstərib. Lotereyadan əldə olunan təxminən 11 milyon avro vəsait Alzheimer xəstəliyi üzrə araşdırmalara yönəldiləcək.

Mükafat – Dora Maarın portreti

2013-cü ildən keçirilən “100 avroya 1 Pikasso” lotereyasının builki mükafatı rəssamın “Tête de Femme” (“Qadın başı”) adlı əsəri olub.

Kağız üzərində quaş boya ilə çəkilən portretdə Pikassonun həyat yoldaşı və ilham mənbələrindən biri olan sürrealist rəssam Dora Maar təsvir edilib.

Hodara bildirib ki, lotereya haqqında təsadüfən məlumat əldə edib və həftəsonu bilet alıb: “Belə şeylərdə adətən qalib olacağını gözləmirsən. Rəsm sənətinə böyük marağım var, bu mənim üçün möhtəşəm xəbərdir”.

Gəlir xeyriyyə məqsədinə yönəldiləcək

Lotereya Peri Cochin tərəfindən, Pikassonun ailəsi və fondunun dəstəyi ilə təşkil olunub. O qeyd edib ki, qalibin Paris şəhərində yaşaması əsərin təhvil verilməsini asanlaşdıracaq.

Toplanan vəsaitin 1 milyon avrosu əsərin sahibi olan Opera Gallery qalereyasına veriləcək, qalan məbləğ isə Fransadakı Alzheimer Araşdırmaları Fonduna ianə ediləcək.

Fondun rəhbəri Olivier de Ladoucette bu təşəbbüsün gələcəkdə Alzheimer xəstəliyinin aradan qaldırılması istiqamətində mühüm addım olduğunu vurğulayıb.

Qeyd edək ki, əvvəlki illərdə keçirilən lotereyalardan əldə edilən vəsait Livandakı qədim Sur şəhərinin qorunmasına və Afrikada sanitariya layihələrinə sərf olunub.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Ən qeyri-adi qabiliyyətlərə malik 5 heyvan – təbiətin “möcüzələri”

Aynur Camal

Tramp: İranla müharibə sona yaxınlaşır, Pakistan danışıqları yenidən gündəmdə

Aynur Camal

Donald Tramp qazlı içkilərlə bağlı mübahisəli fikir səsləndirib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu