“Avropa İttifaqı Ukraynaya maliyyə və hərbi dəstəyini artırmaqla regiondakı güc balansına ciddi təsir göstərir”.
Bugun.tv-xəbər verir ki, bu barədə şərhi siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında bildirib.
Ekspert qeyd edib ki, Aİ-nin Ukraynaya ayırdığı 90 milyard avroluq kreditin verilməsi artıq reallaşıb. Onun sözlərinə görə, bu qərarın qəbulunda Viktor Orbanın əvvəlki vetosunun aradan qalxması mühüm rol oynayıb. Bildirilir ki, yeni hökumətin qərarı dəstəkləməsi ilə yanaşı, Rusiyaya qarşı 20-ci sanksiyalar paketi də təsdiqlənib.
Məhəmməd Əsədullazadə vurğulayıb ki, ayrılan maliyyə Ukraynanın Rusiya ilə müharibədə müqavimət imkanlarını daha da artıracaq və Avropanın bu münaqişədə açıq şəkildə Kiyevi dəstəklədiyini göstərir.
Onun fikrincə, Ukraynanın hərbi sənayesi də güclənməkdədir və Rusiya tərəfinin hərbi infrastrukturu, o cümlədən neft emalı obyektləri zərbələrə məruz qalır.
Ekspert əlavə edib ki, Almaniya son illərdə hərbi potensialını bərpa edir və rəsmi Berlinin Ukraynaya “TAURUS” raketləri verməsi ehtimalı müzakirə olunur. Bu isə Avropanın hərbi resurslarının Ukraynanın müdafiəsi üçün daha aktiv şəkildə səfərbər olunduğunu göstərir.
Məhəmməd Əsədullazadə bildirib ki, Vladimir Putinin son çıxışı və cəmiyyətə müraciəti Rusiyanın çətin vəziyyətdə olduğunu göstərən siqnallardan biridir.
Ekspertin sözlərinə görə, Avropa ölkələri eyni zamanda NATO-ya alternativ hərbi mexanizmlər üzərində də işləyir. Bu kontekstdə vahid Avropa ordusunun yaradılması ideyası yenidən aktuallaşıb və bir sıra ölkələr tərəfindən dəstəklənir.
