“Yaxın Şərqdə gərginliyin artması fonunda İsrailin İran daxilində SEPAH rəhbərliyinə qarşı hədəfli əməliyyatlara başlaya biləcəyi istisna edilmir”.
Bugun.Tv B- xəbər verir ki, bu barədə şərhi siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında paylaşıb.
Ekspertin sözlərinə görə, SEPAH daxilində sərt mövqenin qorunması və ABŞ-la danışıqlardan imtina edilməsi regiondakı böhranı daha da dərinləşdirir. O bildirib ki, İran daxilində hakimiyyət strukturları arasında fikir ayrılıqları davam edir və bu da idarəetmədə ciddi çətinliklər yaradır.
Məhəmməd Əsədullazadə qeyd edib ki, İran prezidenti və hökuməti vəziyyəti nəzarət altına almağa çalışsa da, SEPAH-ın mövqeyi kompromisə imkan vermir. Onun sözlərinə görə, qurumun rəhbərliyi, o cümlədən Əhməd Vahidi ABŞ-la danışıqlara getməmək xəttini davam etdirir.
Ekspert hesab edir ki, məhz bu səbəbdən İsrail SEPAH rəhbərliyinə qarşı növbəti hədəfli əməliyyatlara əl ata bilər. O vurğulayıb ki, mümkün hərbi qarşıdurmada ABŞ-dan daha çox İsrailin ön planda olması ehtimalı yüksəkdir.
Əsədullazadənin fikrincə, ABŞ və İsrailin əsas məqsədi İran daxilində SEPAH-ın təsir imkanlarını zəiflətməkdir. O, bu vəziyyəti Hizbullahın Livandakı təsiri ilə müqayisə edərək bildirib ki, SEPAH da ölkə daxilində güc mərkəzinə çevrilib.
Ekspert əlavə edib ki, regionda mövcud vəziyyətin daha da gərginləşməsi ehtimalı qalmaqdadır və qarşıdakı dövrdə yeni geosiyasi risklər ortaya çıxa bilər.
