Son dövrlərdə regionda baş verən geosiyasi və texnoloji dəyişikliklər informasiya texnologiyaları sektoruna birbaşa təsir göstərir.
Məlumata görə, Rusiyada internet infrastrukturu üzərində artan məhdudiyyətlər və xarici texnologiya platformalarının bazardan çıxması rəqəmsal mühitdə qeyri-sabitliyə səbəb olub. Bu vəziyyət şirkətləri yeni İT həllər axtarmağa və mövcud sistemlərini yenidən qurmağa vadar edir.
Bildirilir ki, texniki baxımdan geniş şəbəkə infrastrukturu mövcud olsa da, sürət, sabitlik və bəzi xarici servislərə çıxış imkanlarının məhdudlaşması xüsusilə bank sektoru, iri şirkətlər və beynəlxalq əməliyyatlarla çalışan bizneslər üçün əlavə risklər yaradır. Bu isə şirkətlərin hazır platformalara etibarını azaldaraq, daxili texnoloji həllərin qurulmasını sürətləndirir.
Mövcud şəraitdə bazarda bir sıra əsas tendensiyalar formalaşır:
- yeni İT həllərin sürətli inkişafı,
- kiber təhlükəsizlik həllərinə marağın artması
- İT sahəsində insan resurslarına tələbatın yüksəlməsi.
Ekspertlərin fikrincə, bazar artıq “rahatlıq zonası”ndan çıxaraq daha çox özünü təmin edən texnologiya modelinə keçir. Bununla belə, bu transformasiya hələ inkişaf mərhələsindədir və mövcud həllərin keyfiyyəti ilə qlobal rəqabət qabiliyyəti tam formalaşmayıb.
Bu fonunda Azərbaycan daha sabit və planlı inkişaf trayektoriyası ilə seçilir. Ölkədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində rəqəmsal transformasiya sistemli şəkildə irəliləyir.
Xüsusilə İlham Əliyev tərəfindən müəyyən edilən inkişaf prioritetləri çərçivəsində rəqəmsallaşma və innovasiya dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu yanaşma uzunmüddətli texnoloji dayanıqlılığın təmin olunmasına hesablanıb.
Eyni zamanda ölkədə internet infrastrukturu stabil şəkildə inkişaf edir, xidmətlərin keyfiyyəti və əlçatanlığı regionda rəqabətədavamlı səviyyədə saxlanılır. Texnoparkların genişlənməsi, startap mühitinin dəstəklənməsi və innovasiya təşəbbüslərinin artırılması isə İT sektorunun davamlı böyüməsinə real zəmin yaradır.
Mənbə: İnformasiya Texnologiyaları üzrə ekspert Səkinə İlqarqızı, Yeniera.az Media
