Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə ABŞ və İran arasında aparılan danışıqlar prosesinin ciddi böhran mərhələsinə daxil olduğunu bildirib.
Ekspertin öz sosial media hesabında şərhinə görə, Vaşinqtonun Tehrana təqdim etdiyi 14 bəndlik təkliflər paketi İran tərəfini qane etməyib. O qeyd edib ki, İran Çinin dəstəyi və təşviqi ilə ABŞ qarşısında öz şərtlərini irəli sürür və bununla Vaşinqtonu çətin vəziyyətlə üz-üzə qoyur.
Məhəmməd Əsədullazadə bildirib ki, Tehran ABŞ-ın İrandan faktiki olaraq tam təslimiyyət tələb etdiyini düşünür. İran isə Vaşinqtonla məğlub tərəf kimi deyil, bərabər statuslu dövlət kimi müqavilə bağlamaqda maraqlı olduğunu nümayiş etdirir.
Siyasi ekspert vurğulayıb ki, İran hətta Hörmüz boğazının dibi üzərində mülkiyyət və suveren hüquqlarının tanınmasını da təklif edir. Onun fikrincə, uranın zənginləşdirilməsi və üçüncü ölkəyə təhvil verilməsi məsələsində də tərəflər arasında ciddi fikir ayrılıqları qalmaqdadır.
Əsədullazadə hesab edir ki, blokada və ağır iqtisadi vəziyyətə baxmayaraq İranın ABŞ-la konfrontasiya xəttini davam etdirməsi yeni hərbi əməliyyatların başlanmasına səbəb ola bilər. O əlavə edib ki, Çin İran faktorundan ABŞ-la geosiyasi rəqabətdə istifadə etməyə çalışır.
Ekspert həmçinin növbəti regional qarşıdurmanın Birləşmiş Ərəb Əmirlikləri ilə Səudiyyə Ərəbistanı arasında baş verə biləcəyini də istisna etməyib.

