Bugun.tv xəbər verir ki, Z nəslinə aid səyahətçilər turizm sahəsini sürətlə dəyişirlər. Bu dəyişiklik yalnız iş, moda və istehlak davranışı ilə məhdudlaşmır. İstirahətə yanaşma da dəyişib: əvvəllər turistlər Eyfel qülləsi və ya Kolizey üçün növbəyə dayanırdılarsa, bu gün bir çox gənc səyahətçi TikTok-da gördüyü kafedə masa gözləməyə və ya reels videoları ilə məşhurlaşmış şirniyyatçının işlədiyi çörəkxananın qarşısında saatlarla növbədə dayanmağa hazırdır.
Muzeylər və saraylar əlbəttə ki, populyarlığını itirmir, lakin onların yanında yeni cazibə nöqtələri yaranıb — xüsusi qəhvə məkanları, vintaj mağazaları, düzgün atmosferi olan məhəllələr və heç bir bələdçidə olmayan restoranlar. Bunun arxasında sadəcə gözəl görüntülərə sevgi deyil, alqoritmlərdəki dəyişikliklər dayanır: indi marşrutlar çox vaxt sosial şəbəkələr, seriallar və travel-bloqerlərin tövsiyələri ilə qurulur. Gənc nəslin turizm bazarını necə yenidən formalaşdırdığı və bunun əvəzini kimin ödəyəcəyi barədə materialda bəhs olunur.

Alqoritmlər tur operatoru rolunda
2025-ci ilin yanvarında Rokkarazo adlı kiçik italyan dağ-xizək kurortu bir bazar günü rekord sayda turist qəbul edib. Səbəb isə məşhur italiyalı bloqer Rita De Kresçenzonun həmin məkandan canlı yayım açması və istirahətdən görüntülər paylaşması olub.
Nəticədə yollarda tam xaos yaranıb, yerli sakinlər nə işə, nə də xəstəxanaya gedə biliblər. Hakimiyyət təcili şəkildə avtobusların girişinə məhdudiyyət qoyub və şəhər meri Françesko Di Donato hətta ordunun cəlb oluna biləcəyini bildirib. O qeyd edib ki, şəhər əvvəllər də turist axını ilə qarşılaşıb, amma bu səviyyədə yox. “Vəziyyət sadəcə nəzarətdən çıxdı”, — deyə mer vurğulayıb. (ВФокусе Mail)
Bu artıq tək hadisə deyil, daha çox səyahət istiqaməti seçiminin necə dəyişdiyini göstərən nümunədir. Əvvəllər insanlar Lonely Planet açır, turizm agentliyinə zəng edir və ya TripAdvisor reytinqlərinə baxırdı. İndi isə bir çoxları məkanı gecə saatlarında lentdə qarşılarına çıxan 30 saniyəlik videodan öyrənir.
TikTok-un məlumatına görə, platformada travel-kontent baxışları 2021–2024-cü illərdə 410 faiz artıb. Z nəslinə aid istifadəçilərin 88 faizi ən azı bir travel-inflyuenseri izləyir. ABŞ-da aparılan sorğu göstərib ki, istifadəçilərin 60 faizi sosial şəbəkədə gördüyü videodan sonra yeni istiqamətlə maraqlanıb, 32 faizi isə videoda gördüyü oteli həqiqətən bron edib.

Kafelərdə turizm bumunun yaranması
Statistikaya görə, Z nəslinin nümayəndələri ildə orta hesabla 11 min 766 dollar səyahət xərci çəkir ki, bu da digər nəsillərdən daha yüksəkdir. Lakin onlar daha ucuz otellərdə qalmağa üstünlük verir, əsas diqqəti isə atmosferə, interyerə və vizual görüntülərə yönəldirlər.
Bir çox gənc turist gözəl interyerli hostelə üstünlük verir, hətta o, şəhər mərkəzindən uzaqda yerləşsə belə. Onlar yemək, konsertlər və vizual baxımdan cəlbedici məkanlara daha çox pul xərcləyirlər.
Materialda qeyd olunur ki, bu gün artıq otellər “Instagram üçün künclər”, muzeylər videolar üçün xüsusi instalyasiyalar, restoranlar isə qısa videolarda yaxşı görünəcək təqdimatlar hazırlayır. Lakin problem ondadır ki, bir çox gənc həmin məkanlara sadəcə şəkil çəkdirmək üçün gedir və pul xərcləmir.

Yeni turizm trendləri yaranır
Sosial şəbəkələrdə “destinations dupes” adlı yeni trend də formalaşıb. İnsanlar məşhur və baha kurortların vizual baxımdan oxşar, lakin daha ucuz alternativlərini axtarırlar. Məsələn, Paros adası Santorini əvəzinə, Taybey isə Seul əvəzinə təklif olunur.
Məqalədə həmçinin serial çəkiliş yerlərinə səyahət, konsert turizmi, yalnız istirahət və yuxu üçün edilən “sleepcation”, sərin ölkələrə yönələn “coolcation”, uzun müddət bir məhəllədə qalmağa əsaslanan “slow travel” və tək səyahət kimi yeni tendensiyaların indiki insanların marağında olduğundan qeyd edilir.

Mənbə: mail.ru
