Səudiyyə Ərəbistanında inşası davam edən və dünyanın ən hündür binası olmağa namizəd göstərilən Ciddə Qülləsi artıq 100-cü mərtəbəyə çatıb.
Layihə tamamlandıqdan sonra hündürlüyünün 1000 metrdən çox olacağı gözlənilir.
Hazırda dünyanın ən hündür binası statusunu Burj Khalifa qoruyur. Dubayda yerləşən göydələnin hündürlüyü 828 metrdir. Lakin inşası davam edən Jeddah Tower bu rekordu geridə qoymağa hazırlaşır.
Layihənin memarları “Newsweek” nəşrinə açıqlamalarında 100-cü mərtəbəyə çatılmasının texniki baxımdan mühüm mərhələ olduğunu bildiriblər.
Qüllənin 1000 metri keçəcəyi təsdiqlənsə də, yekun hündürlüyün neçə metr olacağı hələ açıqlanmayıb. Məlumata görə, bu sirr 2028-ci ilin avqust ayında keçirilməsi planlaşdırılan rəsmi açılışa qədər gizli saxlanılacaq.
Ciddə Qülləsi Jeddah şəhərində həyata keçirilən “Ciddə İqtisadi Şəhəri” layihəsinin əsas hissəsi hesab olunur.
Mütəxəssislərin hesablamalarına görə, layihənin ümumi dəyəri 1,2 milyard dollardan 2,7 milyard dollara qədər dəyişə bilər.
Məlumata əsasən, hazırda dünyada hündürlüyü 300 metrdən çox olan 89 göydələnin tikintisi davam edir. Lakin 1000 metr həddini aşmağı hədəfləyən ilk layihə məhz Ciddə Qülləsidir.
Hazırda dünyanın ən hündür 10 binası bunlardır:
- Burj Khalifa — 828 metr
- Merdeka 118 — 679 metr
- Shanghai Tower — 632 metr
- Makkah Royal Clock Tower — 601 metr
- Ping An Finance Centre — 599 metr
- Lotte World Tower — 555 metr
- One World Trade Center — 541 metr
- Guangzhou CTF Finance Centre — 530 metr
- Tianjin CTF Finance Centre — 530 metr
- CITIC Tower — 528 metr
Mənbə: Newsweek
