Bugun.tv yə daxil olan məlumata görə, Azərbaycanda innovasiya və mühəndislik sahəsində mühüm bir yenilik ictimaiyyətə təqdim olunub.
Ölkənin ilk yerli elektrik nəqliyyat vasitəsi – “Velomobil” inklüziv şəhər nəqliyyatı layihəsi çərçivəsində təqdim edilir.
Layihə ilk dəfə Urban Forum çərçivəsində keçiriləcək rəsmi təqdimat mərasimində nümayiş etdiriləcək. Bildirilir ki, təqdimat inklüziv nəqliyyat anlayışına yeni yanaşma gətirəcək və şəhər mobilliyində alternativ model kimi qiymətləndirilir.
Layihənin rəhbəri Cavid Rəhimov bildirib ki, “Velomobil” yalnız nəqliyyat vasitəsi deyil, eyni zamanda sosial məsuliyyət və yerli mühəndislik düşüncəsinin nəticəsidir. Onun sözlərinə görə, əsas məqsəd hər kəs üçün əlçatan, ekoloji təmiz və rahat şəhər nəqliyyatı sisteminin formalaşdırılmasıdır.
“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” İctimai Birliyinin sədri Firuzə Babayeva isə layihənin sosial əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, “Velomobil” inklüziv cəmiyyətin formalaşmasına və əlilliyi olan şəxslərin sosial inteqrasiyasına mühüm töhfə verə bilər.
Onun sözlərinə görə, inklüziv nəqliyyat sistemlərinin inkişafı gələcək şəhər modellərinin əsas istiqamətlərindən biri hesab olunur.
Layihənin yerli mühəndislər tərəfindən hazırlanması Azərbaycanın innovasiya potensialının göstəricisi kimi dəyərləndirilir. Mütəxəssislər “Velomobil”in gələcəkdə şəhər nəqliyyatı üçün alternativ həllərə çevrilə biləcəyini bildirirlər.
Təqdimat mərasimində iştirak edəcək qonaqlar layihə ilə yaxından tanış olmaq və “Velomobil”in texniki imkanlarını izləmək imkanı əldə edəcəklər.
