Bugun.tv xəbər verir ki, Fransanın cənubundakı Mèze bölgəsində aparılan qazıntılar zamanı təxminən 100 ədəd fosilləşmiş dinozavr yumurtası aşkar edilib.
Məlumatına görə, yumurtaların yaşı təxminən 72 milyon il olaraq qiymətləndirilir və onların Gec Təbaşir dövrünə aid olduğu bildirilir.
Araşdırmaçılar yumurtaların kiçik qovun ölçüsündə olduğunu və ehtimal ki, uzunluğu 15 metrə, çəkisi isə 20 tona çatan nəhəng ot yeyən titanozavrlara aid ola biləcəyini açıqlayıblar.
Kəşfi həyata keçirən geoloq Alain Cabot bölgədə daha böyük fosil sahəsinin mövcud ola biləcəyini bildirib. Onun sözlərinə görə, tapılan qat paleontologiya baxımından “olduqca nadir və əhəmiyyətli” hesab olunur.
Alimlər hesab edirlər ki, qədim dövrlərdə baş verən sel və çay daşqınları yumurtaların üzərini örtərək onların milyonlarla il qorunmasına şərait yaradıb. Eyni zamanda titanozavrların yumurtlama üçün davamlı olaraq eyni əraziyə qayıtdığı ehtimal edilir.
Məlumata görə, fosillərin qeyri-qanuni şəkildə götürülməsinin qarşısını almaq məqsədilə ərazidə “yerində qoruma” üsulu tətbiq olunur.
Mənbə: Ensonhaber
