Bugun.tv xəbər verir ki, dünyanın müxtəlif ölkələrində müsəlmanlar müqəddəs Qurban bayramını böyük coşqu və yüksək əhval-ruhiyyə ilə qarşılayırlar.
TRT Haber-in yaydığı məlumata görə, Cənub-Şərqi Asiya ölkəsi olan Kambocanın Battambang vilayətində yaşayan müsəlmanlar da Qurban bayramını birlik və həmrəylik şəraitində qeyd ediblər.
Battambang şəhərində yerləşən Nuru İslam Məscidində və məscidin həyətində toplaşan insanlar səhər saatlarında bayram namazı qılıblar. Yerli geyimlərdə məscidə gələn müsəlmanlar dualar edərək bayram sevincini bölüşüblər.
Bayram namazından sonra çıxış edən imam Qurban bayramının mahiyyəti, İslam dinində qardaşlıq, yardımlaşma və paylaşma ənənələri barədə camaata məlumat verib.
Namazın ardından sakinlər bir-birilərini bayram münasibətilə təbrik edib, məscid həyətində xoş və rəngarəng görüntülər yaranıb.
Məlumata görə, Türkiyə Diyanət Vəqfi və Diyanət İşləri Başkanlığı tərəfindən qurban kəsimi və yardımların paylanması üçün bölgəyə gələn nümayəndələr də bayram namazında iştirak ediblər.
Bayram tədbirlərindən sonra uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.
Mənbə: TrtHaber
