Bugun.tv xəbər verir ki, Qazaxıstan səfirliyi Beynəlxalq Qadınlar Klubunun təşkil etdiyi növbəti tədbirə ev sahibliyi edib.
Bu barədə məlumat verən əməkdar jurnalist Mətanət Ağamirli qeyd edib ki, “Türk birliyinə qadın könüllülərinin töhfəsi” adlı forumun təşkilində əsas məqsəd Azərbaycan, Qazaxıstan və Türkiyə arasında ortaq dəyərlər və müasir dövrün çağırışları fonunda qadın əməkdaşlığının daha da gücləndirilməsi olub.
Tədbirdə qadınların cəmiyyətdəki rolu, qadın hüquqları və qadınların inkişafı mövzularında geniş müzakirələr aparılıb.
Forumda çıxış edən diplomatik korpus nümayəndələri, millət vəkilləri, həmçinin Türkiyədən gələn işgüzar xanımlar bu cür tədbirlərin türk dünyasında qadın həmrəyliyi və qadınların töhfəsinin artırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Çıxışlarda həmçinin, birlik və əməkdaşlıq şəraitində fəaliyyət göstərən türk qadınlarının gələcəkdə daha güclü Türk birliyinin formalaşmasına mühüm töhfə verəcəkləri vurğulanıb.
